Bacısı ilə türk şirkət sahibinin adına söz çıxdı, inanılmaz plan qurdu - ŞOK CİNAYƏT
    • 24-04-2019, 11:35
    • 1 159

Bacısı ilə türk şirkət sahibinin adına söz çıxdı, inanılmaz plan qurdu - ŞOK CİNAYƏT

Şirvan şəhərində türk biznesmenə qarşı quldurluq etmiş dəstənin rəhbəri Mirzəyev Ayət Əhmədağa oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 181.3.2-cü, yəni külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq əməli törətməkdə təqsirləndirilən A.Mirzəyevin apelyasiya şikayəti təmin edilməyəndən sonra o, Ali Məhkəməyə üz tutub. İşə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, Ayət Mirzəyev 3 aprel 2016-cı il, saat 22-də tanışı Natiq Əhmədov ilə birlikdə Türkiyə Respublikasının vətəndaşı Akkurt Sadrettin Rıza oğlunun əmlakını ələ keçirmək qərarına gəliblər. Bu məqsədilə onlar tanışı Sadil Ağayevə məxsus olan "Vaz 21099” markalı avtomobillə Şirvan şəhəri, Məhəmməd Əsədov küçəsinə gəliblər.

Natiq Əhmədov əvvəlcədən əldə edilmiş razılığa əsasən özləri ilə gətirdiyi velosipedi avtomobilin arxa yük yerindən götürərək orada gözləyib. Ayət isə Sadrettin Akkurtun gəlməsini dəqiqləşdirmək məqsədilə tanışını idarə etdiyi avtomobillə "Köhnə bazar” adlanan ticarət mərkəzinin önünə gələrək orada gözləyib.

Bu zaman Ayət Sadrettin Akkurtun idarə etdiyi "Toyota Land-Cruiser” markalı avtomobillə gəldiyini görüb, bu barədə Natiq Əhmədova mobil telefon vasitəsi ilə məlumat verib. Sonra özü də idarə etdiyi avtomobili Məhəmməd Əsədov küçəsi istiqamətində Sadrettin Akkurtun arxasınca sürüb.
Həmin vaxtı velosipedlə yolu kəsən Natiq Əhmədov guya Sadrettin Akkurtun idarə etdiyi avtomobillə vurulmasını imitasiya edərək yerə yıxılıb, Sadrettin Akkurt Natiq Əhmədovu avtomobillə vurduğunu zənn edərək ona köməklik etmək məqsədilə maşınından yerə düşüb.

Az sonra Ayət Mirzəyev Sadrettinə arxadan yaxınlaşaraq əlində olan dəmir təkər açarı ilə onun baş nahiyəsindən zərbə endirib.

Onlar zərərçəkmişə xəsarət yetirməklə basqın edərək, onun "Toyota Land-Cruiser” markalı avtomobilini ələ keçirməklə 68000 manat dəyərində ziyan vurublar. Həmin avtomobili Natiq Əhmədov idarə edib və Şirvan-Salyan yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisinə keçən hissəsinə aparıb.

Orada avtomobili yolun kənarına tullayaraq həmin vaxt avtomobilin arxa yük yerində olan zərər çəkmişə məxsus 54000 manat nəğd pulu və 150 manat dəyərində "Samsung Galaxy J1” markalı mobil telefonu götürüblər. Basqın edənlər türkiyəli iş adamına ümümilikdə 54150 manat dəyərində əmlakını ələ keçiriblər.

Məhkəmənin hökmü ilə Ayət Mirzəyev 13 il 6 ay, Natiq Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ayət Mirzəyev ifadəsində göstərib ki, dostu Cəlilabad şəhər sakini Əjdər Əjdərovla görüşüb və söhbət edərkən Əjdər ona işlədiyi şirkətin müdiri Sadrettin Akkurtla onun Bakı şəhərində Universitetdə oxuyan bacısı ilə əlaqələrinin olması barədə söz-söhbətlərin çıxdığını bildirib və ondan Sadrettin Akkurtu cəzalandırmağı xahiş edib: "Əjdərlə dost olduğum üçün onunla razılaşdım. Sadrettin Akkurtu cəzalandıracağıma, yəni onunla görüşüb, onu başa salacağıma söz verdim. Hadisə baş verdiyi günə kimi Sadrettin Akkurtla bir neçə dəfə görüşmək istəsəm də, görüşə bilməmişəm”.

İbtidai istintaq zamanı ifadə verən Ayət Mirzəyev bildirib ki, həyat yoldaşı Ruhiyyə Mirzəyeva təxminən 8 il bundan əvvəl "Galaksi” şirkətinin Saatlı rayonunda yerləşən filialında işləyib, həmin vaxtdan şirkətin müdiri Sadrettin Akkurtu tanıyıb, Ruhiyyəni işə aparanda və yaxud gətirəndə hərdən Sadrettin Akkurtla görüşüb: "Ruhiyyə işdən çıxdıqdan sonra onu bir daha görməmişəm. Təxminən il yarım bundan əvvəl şirkətin Şirvan şəhərində M.Əsədov küçəsində filialı açılıb, qohumum Səbuhi orada işlədiyindən həmin şirkətə getmişəm. Şirkətin müdiri Sadrettin Akkurtun ayda iki dəfə müxtəlif rayonlara gedərək, şirkətin filiallarında olan pulları yığaraq Şirvan şəhərinə qayıdarkən üzərində 100-200 min manat pul olmasından məlumatı olub. Həyat yoldaşım Ruhiyyə həmin şirkətdə işlədiyi üçün bunları bilmişəm. Hadisədən 5-6 ay əvvəl Sadrettin Akkurtun rayonlardan pulları yığıb gələrkən həmin pulları ələ keçirmək qərarına gəlmişəm, həmin işi görməkdən ötrü qonşuluqda yaşayan dostum Natiqlə bu barədə danışmışam, ona yaxşı pul əldə edə biləcəyimi bildirmişəm. Natiqə ələ keçirəcəkləri pulu yarıya böləcəyimə söz vermişəm. Natiq mənimlə razılaşıb və həmin vaxtdan Sadrettini güdməyə başlamışıq”.