Oruclu insan niyə daha sağlam olur?
    • 23-03-2024, 09:00
    • 450

Oruclu insan niyə daha sağlam olur?


Oruc tutmaq hər bir müsəlmanın vacib ibadətlərindən biridir. Lakin oruc həm də fiziki-ruhi sağlamlıq üçün çox əhəmiyyətlidir.

Oruc zamanı orqanizmdə hüceyrə yenilənməsi baş verir və toksinlər bədəndən xaric olur.

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir. Eyni zamanda maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır, nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir. 

Ramazan aylarında qidalanmaya daha çox önəm vermək lazımdır. Burada, əsasən, qazlı sulardan uzaq durmalı, xəmir xörəklər və balıq məhsulları digər qidalarla əvəz edilməlidir. Xüsusən də ayran, süd və meyvə sularından bolluca istifadə etmək məsləhətlidir. Bundan əlavə, gün ərzində (imsaq və iftarda) 8-10 stəkan su içilməlidir.

Oruc sağlam qidalanmağı asanlaşdırır. Orqanların daha rahat işləməsi üçün vaxt verir.

Mədə, bağırsaq, öd kisəsi, qaraciyər və mədəaltı vəzi, başqa sözlə həzm sistemi kimi orqanlar oruc zamanı dincəlir, özünü təmir etmə və yeniləmə imkanı qazanır.

Oruc tutarkən diqqət edilməli digər bir məsələ isə tərkibində kalsiumu və proteini çox olan qidaların qəbuludur. Bunun üçün ən gözəl vasitə məhz süd məhsulları, göyərti və meyvələrdir. Gün ərzində itirdiyimiz kalsium və proteinlər iftardan imsaqa qədər ödənilməlidir.

Oruc sağlam arıqlamağa kömək edir.

Oruc, piylənmənin səbəbi olan insulin və leptin müqavimətini yaxşılaşdırmağa kömək edir. Bu hormonların ifrazı tənzimlənir və arıqlamaq asanlaşır. Qalxanabənzər vəz kimi hormon ifraz edən bəzi digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Aclığa dözümlülüyü artırır. //Qafqazinfo.az