Azərbaycanda 7 min insanı sevindirən YENİLİK
    • 25-04-2019, 18:35
    • 821

Azərbaycanda 7 min insanı sevindirən YENİLİK

Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu layihələrin icrasında əsas məqsəd, ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir. Elə bu məqsədlə də Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilib.

Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilmışdi.

Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilib.

Tikinti layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün 0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bu işlərə paralel olaraq çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdən idi. Bu məqsədlə 32 yerdə 384 paqon-metr uzunluğunda müxtəlif diametrli dəmir və dəmir-beton boruların tikintisi işləri aparılıb.

Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələ üzrə yolun asfaltlanması işləri aparılıb. Bunun üçün 130 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihə əsasında yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılıb. Bundan başqa hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətlərinin çəkilişi də aparılıb.

Yeni yolun inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri məhsullarının tez və xarab olmadan daşınması imkan yaranmaqla sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf edəcək. Bu isə öz növbəsində vətəndaşların sosial rifah halının yüksəlməsinə gətirib çıxaracaq.