-
- 26-03-2024, 15:11
- 508
Zukerberq Google-un işçilərini "oğurladı"
Mark Zukerberqin Google-un süni intellekt şirkəti DeepMind-də çalışan tədqiqatçılara iş təklif edən e-mail-lər göndərdiyi iddia edilir.
News24.az xəbər verir ki, sözügedən elektron məktubları görən 2 nəfərə istinadən The Information saytında yer alan xəbərə görə, Zukerberq DeepMind tədqiqatçılarına şəxsi e-poçt göndərərək, Meta-nın süni intellekt texnologiyalarına verdiyi əhəmiyyəti izah edib. Onlara öz şirkətində iş təklif edib.
Xəbərdə həmçinin Meta-nın ilkin müsahibə olmadan süni intellekt tədqiqatçılarına iş təklifi verdiyi və fərqli şirkətlərdən təklif alan işçilərin maaşlarını artırmamaq siyasətini yumşaltdığı da iddia edilib.
Qeyd edək ki, yanvarda The Verge xəbər saytına danışan Zukerberq, Meta-nın süni intellekt inkişaf etdirmə qabiliyyətinin rəqiblərini üstələdiyini və süni intellekt modelləri üçün istifadə edilən 340 min çipin 2024-cü ilin sonuna qədər ABŞ-da yerləşən Nvidia şirkətindən təhvil veriləcəyini bildirmişdi.
Zukerberq Meta-nın 2023-cü il investorlar toplantısında şirkətin 2024-cü il investisiyalarının ən böyük məxrəcinin süni intellekt sahəsində olacağını da açıqlayıb.
Günel Məlikzadə