-
- 29-03-2024, 08:23
- 647
Mərkəzi Bankın faiz qərarı - manatın taleyi...
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.
News24.az bildirir ki, Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb.
Tənzimləyici bildirir ki, İdarə Heyətinin uçot dərəcəsinə həsr olunmuş yanvarın 31-də keçirilən ötən iclasından bəri illik inflyasiya tempi azalmaqda davam edib: 2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8 faiz, 12 aylıq baza inflyasiya isə 1.4 faiz təşkil edib. İllik ərzaq deflyasiyası 0.3 faiz, qeyri-ərzaq inflyasiyası 1.4 faiz, xidmətlər inflyasiyası isə 2.3 faiz olub.
Mərkəzi Bankın açıqlamasına görə, illik inflyasiyada azalma xarici və daxili amillərin təsirləri ilə baş verir: “Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi 2024-cü ilin fevralında illik əsasda 7.3 faiz, o cümlədən enerji qiymətləri üzrə 7.5 faiz enib. ABŞ-ın Enerji İnformasiya Agentliyinin (EİA) məlumatına görə, 2024-cü ilin II rübündən neft ehtiyatlarının artması proqnozu qiymətlərə təsir edən əsas amillərdən biri olacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi fevralda illik əsasda 10.5 faiz azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3 faiz və 2024-cü ilin ilk 2 ayında 1.8 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib”.
2024-cü ilin əvvəlindən bəri Azərbaycanın valyuta bazarında tarazlıq qorunub. Belə ki, ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir: “2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1 faiz artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5 faizi səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən, mövcud meyllərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 milyard ABŞ dolları) gözlənilir. Bununla yanaşı, fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb”.
Tənzimləyici bildirir ki, pul siyasəti alətləri avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edir: “Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktiv istifadə pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edib. Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52 faiz (fevralda 6.29 faiz) olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Pul bazarındakı faizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatlar davam etdirilir”.
Mərkəzi Bankın İdarə Heyətinin ötən iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qurum geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişikliklərinin dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilməsi ehtimalını xarici mənşəli başlıca inflyasiya riskləri hesab edir. Bundan əlavə, inflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi də mümkündür. Bura həmçinin fiskal əməliyyatların pul təklifinə cari ildə də artırıcı təsiri də daxildir: “Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3 faiz) dəyişməz saxlanılıb. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var”.
Mərkəzi Bankın pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarları inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaq. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin və faiz dəhlizinin parametrlərinin faizlərə ötürücülüyü üzrə monitorinq aparılacaq.
Xatırladaq ki, yanvarın 31-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8 faizdən 7.75 faizə, faiz dəhlizinin aşağı həddi 6.5 faizdən 6.25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8.75 faizə endirilmişdi.