Mehriban Əliyeva :
    • 27-04-2019, 00:10
    • 786

Mehriban Əliyeva : "Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur”

“İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir. Mənim yadımdadır, xatırlayıram, bir zamanlar İçərişəhər UNESCO-nun qara siyahısına salınmışdı. Çünki burada bərpa işləri aparılmırdı. Bütün bu qanunlara zidd hərəkətlər olub. O zaman məhz Prezidentin göstərişi ilə İçərişəhərdə bir çox işlər, bərpa, yenidənqurma işləri aparıldı”.
News 24.az-ın məlumatına görə, bunu bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva deyib.

M. Əliyeva bildirib ki,  sakinlərin, sahibkarların məramları nəzərə alınaraq İçərişəhərin hər binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşılıb: “Mənim yadımdadır, Novruz bayramında cənab Prezidentlə bizim burada gəzintimiz oldu və sakinlərlə ünsiyyətdə olduq. Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki, Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq”.
“Bilirsiniz, mən indi bu sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar, qarayaxma kampaniyaları aparan insanlar haqqında danışmaq istəmirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Hər insan öz vicdanı və Allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. İnsanlarımız bunu çox gözəl bilir, çox gözəl hiss edir”-deyə Birinci vitse-prezident bildirib.
M. Əliyeva qeyd edib: “Ona görə mən bu gün şəxsən bura gəldim. Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib”.