Evdə hansı əşyanı necə sığortalamaq olar? - Şərtlər açıqlandı
    • 1-04-2024, 19:01
    • 122

Evdə hansı əşyanı necə sığortalamaq olar? - Şərtlər açıqlandı

Evdə istifadə edilən gündəlik məişət əşyalarını, o cümlədən, mebelləri sığortalamaq mümkündür. Bunun üçün mənzildəki bütün əşyaların siyahısı tərtib olunmalı  və onların qiymətləndirilməsindən sonra sənəd sığorta şirkətinə təqdim edilməlidir. Daha sonra sığorta şirkəti tərəfindən evdəki əşyalara baxış keçirilir və təkliflər verilir. Bəs sığortanın bu növünə müraciət edən şəxslər hansı hallarda ödəniş ala bilərlər? 

News24.az xəbər verir ki, sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bu haqda "Xəzər Xəbər"ə danışıb. Bildirib ki, proses könüllü olduğundan standart sığorta haqqı yoxdur. Ödənişlər və təminat baxışın nəticəsinə əsasən müəyyən olunur: 

"Sığortanın təminatı yanğın, təbii fəlakətlərlə bağlı risklər subasması və bu kimi hallarla bağlı olan məsələlərdə mümkün olur. Yeni əşyalar 1-4 faizə qədər məbləğdə sığortalanır. İkinci əl olanlardan amortasiya xərci çıxılaraq ödəniş müəyyən olunur". 

Ekspert bildirib ki, ev əşyalarının sığortalanması xarici ölkələrdə geniş yayılsa da, Azərbaycanda bu üsula üz tutanlar elə də çox deyil:

"Ölkəmizdə daşınan əmlakın siğortası ilə bağlı məsələ bir qədər mübahisə doğurduğu üçün insanlar buna o qədər də maraq göstərmir. Belə sığorta növünə adətən sənədi olan mağazalar müraciət edir və satış məqsədilə gətirdikləri malları sığortalayırlar. Ancaq qısaqapanma səbəbindən yanğın olduğu təqdirdə sığorta ödənişi verilmir.

Daşınan əmlaka istənilən səbəbdən zərər dəydiyi halda sığorta mexanizmi işə düşərsə, bu səbəbdən hər bir vətəndaş mənzilində olan əşyalarını sığortalamaqda maraqlı olar".