-
- 3-04-2024, 16:45
- 698
“Formula-1”ə ayrılan pulların yeyintisi
“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Çingiz Mehdiyevə qarşı külli miqdarda mənimsəmə ittihamı üzrə araşdırmalar başlayıb.
Məhkəmənin ilkin iclasında qərar verilib ki, sabiq şöbə müdiri istintaq müddətində olduğu kimi, məhkəmə prosesi gedən dövrdə də həbs olunmasın. Onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri qüvvədə saxlanılıb.
Bu cinayət işinin məhkəmə baxışına verilib araşdırılması məsələsi müzakirəyə çıxarılanda Çingiz Mehdiyevin vəkili bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Vəkil deyib ki, onlar ittihamların heç birini qəbul etmirlər.
Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb.
Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir. Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib.
Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.
İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti və sürücüsüylə müqavilələr bağlanıb.
Çingiz Mehdiyev istintaqdakı ifadəsində də özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, 2016-cı ildə “Formula-1” Bakıda ilk dəfə keçirilirdi və hazırlıq üçün vaxt az idi. Yarışda lazım olan malları çatdıra bilən şirkət, yaxud şəxs tapa bilmirdi. Ona görə anasının adına olan şirkət və sürücü ilə müqavilələr bağlayıb. Lazım olan malların alınması, xidmətlərin göstərilməsi üçün araşdırma aparıb, adamlar və şirkətlər tapıb, onların vasitəsiylə problemi həll eləyib.
Çingiz Mehdiyev vurğulayıb ki, sürücünün hesabına köçürülmüş vəsaitlər də buna xərclənib. Onun sözlərinə görə, M.Abdullayev keçmiş həyat yoldaşının sürücüsü olub.
İstintaq dövründə Ç.Mehdiyevin keçmiş həyat yoldaşı N.Əkbərova və sürücüsü M.Abdullayev onun əleyhinə ifadə verib. Sürücü deyib ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçib. Amma adına olan möhür və ASAN imzası özündə yox, Ç.Mehdiyevdə olub. Onun sözlərinə görə, sənədlər imzalasa da, mahiyyətindən xəbəri yox idi.
Ç.Mehdiyev haqqında araşdırmalar onun keçmiş həyat yoldaşı N.Əkbərovanın müraciəti əsasında başlayıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ilkin araşdırmalardan sonra cinayət işi başlanıb. Keçmiş həyat yoldaşı iddia edir ki, Ç.Mehdiyev özü və qardaşı Zaur Mehdiyevin adına xeyli əmlak alıb. Bu əmlaklar arasında Amerikada evlər də var.
Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.