-
- 6-04-2024, 20:40
- 426
"Atəşkəs şərtlərindən geri addım yoxdur"
HƏMAS Qəzzada atəşkəs üçün danışıqları davam etdirməkdən ötrü Misir vasitəçilərinin dəvəti ilə Qahirəyə gedir.
News24.az xəbər verir ki, Qəzzadakı Fələstin təşkilatının sədr müavini Xəlil Əl Həyyanın da olduğu nümayəndə heyətinin sabah Misirin paytaxtı Qahirədə olacağı bildirilib.
HƏMAS bəyanatında Qəzzada atəşkəs tələblərindən geri çəkilməkdən imtina etdiyini bildirib. "Həmas martın 14-də təqdim etdiyi mövqeyə sadiqliyini təsdiq edir. Biz bu mövqedən geri addım atmayacağıq" deyib.
Fələstin təşkilatı martın 14-də verdiyi bəyanatda İsrail qüvvələrinin Qəzzadan çıxarılması, köçkün fələstinlilərin geri qaytarılması və Qəzzada saxlanılan israilli girovlar müqabilində fələstinli məhbusların azad edilməsi tələblərində israrlı olduğunu vurğulayıb.
Dalana dirənən atəşkəs danışıqlarında İsrail keçən həftə HƏMAS-a təqdim edilmək üçün yeni bir təklif layihəsi hazırlandığını açıqladı.
İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzanın şimalına məcburi köçə məruz qalan fələstinlilərin geri qaytarılması ilə bağlı bu layihədə çeviklik nümayiş etdirdiyi iddia edilib.
Bu layihənin sabah keçiriləcək iclasda müzakirəyə çıxarılması gözlənilir.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden ötən gün Netanyahu ilə telefonla danışmışdı.
Bayden Netanyahuya Qəzzada dərhal atəşkəsin vacib olduğunu və İsrailin gecikmədən razılığa gəlməsini demişdi.
Günel Məlikzadə