-
- 9-04-2024, 19:22
- 359
Gənclər arasında zarafat bıçaqlanma ilə nəticələndi
Bərdə şəhərində 2006-cı il təvəllüdlü Xəyal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyaşıdı Bayramı bıçaqlayıb.
News24.az Demokrat.az-a istinadla bildirir ki, hadisə 29 avqust 2023-cü ildə, saat 23 radələrində Bərdə şəhəri, M.Müşfiq küçəsində yerləşən Rasim Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbinin yataqxanasının qarşısında baş verib.
Xəyal orada tanışı Bayram ilə söhbət edən zaman sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla onun bud nahiyəsinə bir zərbə endirib.
Hadisəni törədən Xəyalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 29-da, saat 23 radələrində Bayramla yaşadığı küçənin yaxınlığında rastlaşıb: “Bayramla əvvəldən tanışlığım olub. Həmin vaxt Bayramla salamlaşaraq söhbət etdik. Birlikdə internat məktəbinin həyətinə tərəf getdik. Biz bir-birimiz ilə zarafat edən zaman Bayram mənə qarşı nalayiq ifadə işlətdi, əl-qol atdı, boğazımdan tutub silkələdi. Bu zaman Bayrama nalayiq söz demədim, əllərini çəkməsini bildirdim. Bayram isə dediklərimə baxmayaraq öz hərəkətlərini davam etdirdi. Bu vaxt məktəbin həyətində olan şam ağacına batırılmış bıçağı götürdüm və Bayramın sağ ayaq nahiyəsinə bir dəfə vurdum. Bundan sonra isə təcili-tibbi yardıma zəng etdim. Həkimlər gələrək Bayramı apardılar”.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Bayram onun evinin yaxınlığında yerləşən bazarda işləyib: “Hadisə vaxtı Bayram sərxoş olub. Yaşadığım evin yaxınlığında yerləşən məktəbdə təmir işləri gedib. Bayrama xəsarət yetirdiyim bıçaq da həmin məktəbin həyətində yerləşən ağaca batırılmış vəziyyətdə olub. Mən də bıçağı ağacdan götürmüşəm. Bıçağın ağaca batırıldığını hadisə vaxtı görmüşəm. Əvvəldən orada bıçaq olmasını bilməmişəm. Bayrama bir dəfə bıçaqla xəsarət yetirmişəm. Mübahisə vaxtı Bayram əlini mənim boğazımdan çəkməyib, məni ağaca tərəf itələyib. Mən də ağacdan bıçağı çıxarıb onu vurmuşam. Təcili yardıma mən zəng etdim. Təcili yardım gələnə qədər köynəyim ilə qanaxmanın qarşısını almaq üçün Bayramın yarasını bağlamışam və təcili yardım avtomobili gələnə qədər orada gözləmişəm. Törətdiyim əməldən peşmanam, zərərçəkmiş şəxslə də barışmışam”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.