Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
    • 22-04-2024, 11:40
    • 597

Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...

Əmək pensiyası vətəndaşlarımızın illər ərzində göstərdiyi əmək fəaliyyətinin nəticəsi olaraq təyin olunur. Bu zaman müəyyən olunmuş pensiya stajına və pensiya kapitalına çatmaq lazımdır.

Lakin burada bir sıra sual doğuran məqamlar ortaya çıxır. Məsələn, şəxs pensiya yaşına çatmadan müəyyən olunmuş pensiya kapitalına çatarsa, ondan istifadə edə biləcəkmi? Yaxud da müəyyən olunmuş kapital həddinə çatmadıqda onun sosial ödənişlərinin taleyi necə olur?

Hüquqşünas Toğrul Şimiyev bu kimi suallarla bağlı “Ölkə.Az”ın suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi şərtlərindən biri də müəyyən edilmiş minimum pensiya kapitalına çatmaqdır:

“Şəxs əgər pensiya yaşına çatıbsa və 25 illik minimum əmək stajı yoxdursa, bu zaman ona pensiya təyin edilməsi üçün kapitala ehtiyacı var.  Şəxs minimum pensiya kapitalını əldə edə bilmədikdə ona pensiya təyin edilmir. Bu zaman o, qalıq hissəni öz vəsaiti hesabına ödəyərək pensiya ala bilər.

Şəxsin müəyyən qədər pensiya kapitalı varsa, lakin o, pensiya yaşına çatmayıbsa, pensiya kapitalından istifadə edə bilməz. Sadəcə, şəxs vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərlər. Lakin bunun üçün də müəyyən şərtlər var. Həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası ala bilmək üçün lazım olan pensiya kapitalının minimum həddi fərqli qaydada hesablanır”. 

Ekspert deyir ki, xarici təcrübədə bəzi ölkələrdə şəxs öz pensiya kapitalının müəyyən bir qismini götürüb istifadə edə bilər. Lakin təəssüf ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmayıb.

Belə bir halın Azərbaycanda tətbiq edilib-edilməyəcəyinə gəlincə isə T.Şimiyev bildirib ki, hazırda bu, mümkün deyil:

“Bildiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsdir və o öz-özünü maliyyələşdirir. DSMF-nin büdcəsi isə əsasən şəxslərin sosial sığorta ödəmələrindən formalaşır. Hazırda DSMF özünü tam şəkildə maliyyələşdirə bilmir və dövlət büdcəsindən müəyyən yardımlar alır. Lakin hər il DSMF-nin özünü maliyyələşdirmə faizi artır və müəyyən vaxtdan sonra o, tam olaraq özünü maliyyələşdirə biləcək. Hesab edirəm ki, yalnız bundan sonra həmin məbləğin bir hissəsinin şəxsə müəyyən şərtlər altında geri qaytarılması məsələsinə baxılacaq”.

Ekspertin sözlərinə görə, müəyyən bir borc və digər səbəblərdən pula ehtiyacı olan şəxsin pensiya kapitalının bir hissəsinin ona geri qaytarılması mümkün deyil:

“Şəxs heç bir halda öz pensiya kapitalından təyinatdan kənar istifadə edə bilməz. Hətta vətəndaşlıqdan çıxma və digər hallarda belə həmin məbləğ şəxsə geri qaytarılmır. Hesab edirəm ki, bu barədə təbii ki, yeniliyə ehtiyac var. Yuxarıda da qeyd edildiyi kimi, bəzi Qərbi Avropa ölkələrində pensiya kapitalına şəxsin mülkiyyəti prinsipi ilə yanaşılır. Mülkiyyət isə bildiyimiz kimi, şəxsə məxsusdur və şəxs onun üzərində istədiyi kimi sərəncam verə bilər”.