-
- 23-04-2024, 09:58
- 290
Azərbaycanda tükürpədən QƏTL: Dostunu öldürüb yandırdı - FOTO
2020-ci il martın 28-də İsmayıllı rayonunun Tubu kəndinə gedən yolun sol tərəfində, arxası üstə uzanmış vəziyyətdə naməlum insan skeleti tapılır. Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Hadisə yerinə baxış zamanı skeletdən 20 metr aralıda, kolluqların içərisində topa şəklində yanmış paltarların kül qalıqları aşkar edilib. Cəsədin hər iki qolu yana açıq olub, sağ biləyi və əli, həmçinin daxili orqanları, eləcə də aşağı ətrafı tamamı ilə kül olub.
İnsan skeletini tapan Vəli Abullayev bildirib ki, saat 15 radələrində özünə məxsus “Chevrolet-Niva” markalı maşınla hərəkətdə olarkən yolun sol tərəfində cəsəd görüb və bununla bağlı Qoşakənd kəndinin icra nümayəndəliyinə məlumat verib.
Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi-kriminalistik tədqiqatlarına əsasən, təqdim edilmiş skelet sümüklərinin 30-45 yaşlarında kişi cinsinə mənsub olduğu üzə çıxıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, çürümə dəyişikliyini nəzərə alaraq güman etmək olar ki, ölüm müayinədən 10-14 gün əvvəl baş verib. Dəri və əzələ toxumalarının, döş və qarın boşluğundakı daxili üzvlərinin, sümüklərdən bəzilərinin olmamasının səbəbi - meyitin yüksək hərarətə məruz qalması və ya vəhşi heyvanlar tərəfindən dartılıb-dişlənilməsi və bədənindən tam ayrılması ola bilər. Baş, üz, burun, çənədə sınıqlar aşkar edilib. Ölümün səbəbi haqqında hər hansı fikir söyləmək mümkün olmayıb.
Aprelin 30-da müvafiq qərarla ekskumasiya haqqında qərar qəbul edilib. Buna görə, İsmayıllı şəhərində yerləşən qəbiristanlıqda, naməlum şəxsin qəbri qazılaraq, ağ parçaya bükülmüş skelet çıxarılıb. Kəlləsi boyun nahiyəsindən mişarla kəsilərək götürülüb və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb. Meyitin qalan hissələri yenidən çıxarıldığı qəbirdə dəfn olunub.
Faktla bağlı cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin, habelə cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi mümkün olmayıb.
İki ildən sonra Baş Prokurorluq məlumat yayıb ki, 2020-ci il martın 28-də İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda icraatı dayandırılmış cinayət işi Baş Prokurorluqda öyrənilərək, istintaqın davam etdirilməsi Kriminalistika və İnformasiya texnologiyaları idarəsinə tapşırılıb.
Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib.
2022-ci il mayın 31-də Elvin Əliyev, iyunun 1-də isə Ümidvar İbişov tutulublar. Elvin Əliyev 1989-cu ildə Xocalı rayonun Kosalar kəndində anadan olub. Şəki rayonunda yaşayıb. Ümidvar İbişov 1992-ci ildə Sabirabad rayonunda anadan olub və orda yaşayıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
Bundan hiddətlənən Elvin Əliyev nəzərdə tutduğu cinayətin qaçılmaz olduğunu Ümidvar İbişova bildirərək, işin icrası üçün ona 10.000 manat pul verəcəyini söyləyib. Saat 23 radələrində zəng edib, Rəşad Məmmədovu Yasamal rayonu Şərifzadə küçəsində yerləşən restoranın qarşısına çağırıblar. Martın 17-nə keçən gecə Rəşad həmin yerə gələrək Elvinin idarə etdiyi avtomobilin ön oturacağında əyləşib. E. Əliyev Lökbatan-Xocasən yolu ilə hərəkətdə olarkən, maşını sola döndərib, 110 metr içəriyə doğru gedərək, bataqlıq əraziyə çatıblar. Arxa oturacaqda əyləşən Ümidvar İbişov əlindəki kəməri Rəşad Məmmədovun boğazına keçirib, özünə tərəf sıxaraq onu boğmağa başlayıb. Elvin Əliyev əlləri ilə kəməri tutub, bir neçə dəqiqə saxlamaqla, Rəşad Məmmədovun müqavimətini qırıblar. Öldüyünü görəndən sonra meyiti arxa oturacağa keçirib, İsmayıllı rayonuna yollanıblar. Saat 4 radələrində Tubu kəndinə az qalmış, yolun solunda meşəlik sahədə, cəsədə od vuraraq, onu yandırıblar. Bundan başqa Elvin Əliyev vətəndaş Eldəniz Quliyevə qarşı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Belə ki, Şuşa şəhərində Cıdır Düzündə, çadır şəhərciyinin salınması işinin görülməsi müqabilində, xidmət haqqı olaraq 2021-ci il noyabrın 26-da Quliyev onun bank hesab nömrəsinə 31223 manat pul köçürüb. Elvin Əliyev həmin məbləği hesabdan nağdlaşdıraraq tanışları Mehrac Yusubov və Ərtoğrul Məmmədovla bölərək, şəxsi ehtiyaclarına sərf edib.
İş üzrə dindirilmiş Elvin Əliyev bildirib ki, ailə üzvləri Şəki rayonun Yeni Çələbixan qəsəbəsində yaşayırlar. Özü Şəki şəhərində yerləşən 3 saylı orta məktəbdə oxuyub, böyrəklərində xəstəlik olduğuna görə hərbi xidmətə yararsız hesab olunub:
“2016-ci ildən Bakı şəhərinin Yasamal rayonunda kirayədə yaşayırdım. Taksi fəaliyyəti ilə, sonra meyvə-tərəvəz alveri ilə məşğul olmuşam. 2016-cı ilin axırlarında Bəşirlə tanış oldum. Onun soyadı yadımda deyil. Bəşir mənə pul nağdlaşdırılması işi təklif etdikdə razı olmayaraq, tanışıma, adına şirkət yaratmaq üçün adam tapacağımı dedim. Şirkətləri Bəşir tanışım - Rəşad Məmmədovun adına açaraq, özəl kommersiya banklarında hesablar açıb. 2017-2019-cu illərdə Rəşad, Ümidvar, Ayaz və Rövşənin adlarına beş firma yaradılıb. Ümidvarla 2017-ci ildə Xaliq adlı şəxsin vasitəsi ilə tanış olmuşam. 2019-cu ildən Rəşad narkotik vasitələr istifadə etməyə başladı. İşlər zəiflədiyi üçün ona əvvəlki qədər pul verə bilmədim. İki dəfə xərc çəkərək tanışımı Narkoloji Mərkəzdə müalicə etdirsəm də, xeyri olmadı. Bəşir avtomobil qəzasında dünyasını dəyişəndən sonra, Vergi Xidməti Rəşadı borca görə narahat etməyə başladı. 2020-ci ilin mart ayında Ümidvar Rəşadın narazılıq etdiyini və polisə şikayət etmək istədiyini söyləyəndə, Ümidvara “bunu öldürən olsaydı canım qurtardı” dedim. Ümidvar məndən Rəşadı öldürmək müqabilində 10.000 manat pul istəyəndə, ona “təki sən həll elə, 15000 də verərəm” dedim. Ümidvar dedi ki, Rəşadla birlikdə inyeksiya yolu ilə narkotik vasitə qəbul edən zaman, narkotikin dozasını çox edəcək və o öləcək. Bununla da, ölümündən heç kəs şübhələnməyəcək. Amma bir müddətdən sonra Ümidvar zəng edərək Rəşadı öldürə bilmədiyini dedi.
Martın 16-da görüşüb söhbət edərkən, Ümidvar Rəşadı kəmərlə boğub, öldürə biləcəyini söylədi. Özümə məxsus mobil nömrədən Rəşada zəng edib onu Narkoloji Mərkəzə aparacağımı, hazırlaşıb Yasamal rayonunda yerləşən restoranımın yanına gəlməsini bildirdim. Təxminən 40 dəqiqədən sonra Rəşad taksi ilə yanımıza gəldi. Pulu olmadığına görə Ümidvara 10 manat verdim ki, sürücünü yola salsın. Həmin vaxt istifadəmdə tünd gümüşü rəngli “Hyundai Elantra” markalı avtomobil vardı. Maşını icarəyə götürmüşdüm. Avtomobili Lökbatan istiqamətində idarə etdim. Yolda narkotik vasitələr qəbul etdiyinə görə Rəşadı danladım. Cavab olaraq tanışım onu yenə Narkoloji Mərkəzə aparmağımı xahiş etdi. Xocasən yolunda Ümidvar şalvarının belindən çıxardığı kəmərlə Rəşadı boğmağa çalışdı. Lakin kəmər ağzına keçdiyindən, dərhal sağ əlimlə onu aşağı dartıb, Rəşadın boğazına saldım və maşını sağa çəkdim. 20 metr sürdükdən sonra qamışlıq olan gölün yanında saxladım. Narkotik vasitənin təsiri altında olan şəxs güclü müqavimət göstərə bilmədi. Əllərimlə kəməri boğazından çıxarmasına mane oldum. İki-üç dəqiqədən sonra xırıltısı tamam kəsildi. Nəbzini yoxlayıb onun öldüyünü gördük. Sonra avtomobildən düşüb kəməri üzü qamışlığa doğru tulladım. Ümidvar meyitin ayağına daş bağlayıb, onun yaşadığı Sabirabad rayonunda, körpüdən Kür çayına atmağı təklif etdi. Lakin razılaşmayaraq əvvəl cəsədi Şəki rayonuna aparıb orda basdırmaq istədim. Amma İsmayıllı rayonu ərazisində olanda, Şəkiyə çatanadək havanın işıqlanacağını düşündüm. Qoşakənd kəndi ilə Tubu kəndi arasında dağın yamacında olan meşə ərazisində avtomobili saxladım.
Meyiti Ümidvarla birlikdə avtomobildən düşürüb, təxminən beş-altı metr aralıda yerə uzadıb, çantamdakı paltarları, həmçinin qurumuş ağac budaqlarını üstünə atdıq. Üzərinə spirt töküb, alışqanla cəsədi alovlandırdım. Sonra oradan uzaqlaşdıq. İsmayıllı ərazisində, çox yorğun olduğum üçün avtomobili yolun kənarında saxlayıb yatdım. Saat 11-də oyanıb yolumuza davam edərək, Bakıya gəldik. Şəhərin girişində Ümidvarı düşürtdüm. Pandemiya ilə əlaqədar işlərim yaxşı getmədiyi üçün tanışıma vəd etdiyi 10.000 pulu verə bilmədim. Hadisədən sonra Ümidvar mobil telefonunu sındırdı. Rəşad Məmmədovu öldürdüyümüz zaman onun üzərində pul və ya qiymətli əşyalar yox idi”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Aidə Fərəcova ifadəsində göstərib ki, qardaşı Rəşad Elvin adlı həmin şəxslə birlikdə pul əməliyyatlarını həyata keçirdiyini danışıb:
“Onun ali təhsili olmadığına görə şirkətdə çalışması və baş mühasib olması məni təəcübləndirirdi. Axırıncı dəfə qardaşımı martın 15-i və ya 16-ı görəndə, əlində içərisində şəxsi əşyaları olan torba vardı. Rəşad mənə Narkoloji Mərkəzdə müalicə olunacağını dedi və sağollaşaraq, evdən çıxdı. İtkin düşməmişdən bir neçə ay əvvəl qardaşım infarkt keçirib. Narkotik vasitələrdən istifadə etməsindən və vergi borclarına görə axtarışda olmasından xəbərsiz olmuşam”.
Məhkəmə iclasında Elvin Əliyev və Ümidvar İbişov ittiham üzrə özünü təqsirli bilməyiblər. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, Elvin Əliyev və Ümidvar İbişovun cinayət əməlləri Cinayət Məcəlləsinin (CM) 120.2.1-ci (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsi, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə əlaqədar qəsdən adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə düzgün tövsif edilib. Bundan əlavə, Elvin Əliyevə CM-nin 178.2.1 və 2.4-cü (dələduzluq qrup halında, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib. Odur ki, Əliyevə və İbişova həmin maddələrin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elvin Əliyev 17 il 9 ay və Ümidvar İbişov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.