Valideynlərə XƏBƏRDARLIQ – “Bu oyuncaqlar körpələr üçün təhlükəlidir”
    • 24-04-2024, 20:52
    • 219

Valideynlərə XƏBƏRDARLIQ – “Bu oyuncaqlar körpələr üçün təhlükəlidir”

Oyuncaqlar uşaq oyunun əsas elementləridir. Körpələrin həm mənəvi, həm də fiziki cəhətdən sağlam böyüməsində onların rolu böyükdür. Lakin mağazalarda satılan uşaq oyuncaqlarının hamısı keyfiyyətli olmur. Bəzi oyuncaqlardan pis qoxu gəlir, bəzilərinin tükləri tökülür.

Bəs uşaqların əllərindən düşməyən bu əşyaların təhülkəsizliyi necə qorunur? Valideynlər övladlarını sevindirərkən nəyə diqqət etməlidirlər?

News24.az bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, əvvəllər bununla bağlı xüsusi qərar qəbul edilmişdi:

“Uzun müddət Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud idi. Həmin qərar 2021-ci ildə ləğv olundu. Bu, təhlükəsizliyi təmin olunan mallarla bağlı idi. Yəni mallar əmtəə bazarına girməzdən öncə yoxlanmalı, sonra buraxılmalı idi. Ora uşaq oyuncaqları da daxil idi”.

O, valideynləri oyuncaq seçərkən diqqətli olmağa çağırıb:

“Hazırda müxtəlif ölkələrdən, əsasən Çindən çox sayda uşaq oyuncaqları gətirilir. Uşaq oyuncaqları keyfiyyətsiz olarsa, uşaqların sağlamlığında mənfi izlər qoyur. İstehlakçı birinci növbədə oyuncaqdan pis qoxu gəldiyini hiss etdiyi an dükandan çıxsın. 

Gəlinciklərin, yumşaq oyuncaqların tüklərini dartsınlar, əgər qopursa almaqdan imtina etsinlər. Uşağın udlağında qala bilən, qopan xırda hissəcikləri olan oyuncaqları da almaq tövsiyə olunmur. Ağ tənzifi isti suyla isladıb oyuncağı silmək lazımdır”.