Pensiya və sosial müavinətlərlə bağlı əhaliyə mühüm xəbər
    • 1-05-2024, 18:40
    • 635

Pensiya və sosial müavinətlərlə bağlı əhaliyə mühüm xəbər

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb. Belə ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da faktiki 1 milyard 84 milyon xərclənib.

Qeyd edək ki, 2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür. Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir. Son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əmək haqqı 2.8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər.

Sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb. Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a bildirib ki, sosialyönümlü xərclərin artırılması dövlətin əsas prioritetlərindən biridir:

“Bu sahədə aztəminatlı ailələrin, müavinətə ehtiyacı olan vətəndaşların kifayət qədər geniş bir təbəqəsi var. Bütövlükdə dövlətin insan amili və minimum yaşayış standartlarını təmin etmək üzərində müəyyən öhdəlikləri mövcuddur. Bu məsələ müxtəlif variantlarda həyata keçirilir. Xüsusilə də dövlət büdcəsinə yenidən baxılanda büdcə gəlirlərinin hansı istiqamətə yönəlməsi diqqəti daha çox cəlb edir. 40 faizlik bir artımın olması kifayət qədər böyük bir məbləği əhatə edir”.

Deputat qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin artırılması ehtimal olunur ki, sosial müavinətlərə, pensiyalara və minimum əməkhaqqılarına təsir etsin. Onun sözlərinə görə, ölkədə inflyasiyanın artması və digər artımlara görə, vətəndaşların vəziyyətinin yaxşılaşdırılması qaçınılmazdır: “Əgər bu sahədə irəliləyişlər və bir sıra artımlar varsa, bu vətəndaşın sosial durumunun da yaxşılaşacağından xəbər verir. İldən-ilə həm sosial müavinətlər, həm əmək pensiyaları, həm də yaşa görə pensiyaların məbləği artır”.

Fazil Musatafa əlavə edib ki, bazarın və inflyasiyanın səviyyəsinə görə, hökumət bunu tənzimləməli olur. Bu il də görünür ki, bu istiqamətdə müəyyən artımlar nəzərdə tutulacaq.

İqtisadçı Xalid Kərimli Referans.az-a açıqlamasında dedi ki, büdcədən sosial ödənişlərə ayrılan vəsait maaş və pensiyaların artımına təsir göstərə bilər:

“Büdcədən sosial ödənişlərə əlavə 1 milyard manat nəzərdə tutulub, lakin bunun təyinatı pensiyalara nəzərdə tutulub. Biz bilirik ki, bu ilin yanvar ayından pensiyaların indeksasiyası həyata keçirildi. Ötən ilin orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq ölkədə pensiya alan şəxslərin pensiyası indeksasiya edildi. Bundan başqa hökumət ilin əvvəlində təxminən 20 faiz hərbçilərin maaşında artım etdi. Bunların maliyyələşdirilməsi ilə əlaqədar ortaya çıxan resurslar prosesində indiki büdcə çərçivəsində əməkhaqqılarının artırılması məsələsi gündəmdə deyil”.

Eksperin sözlərinə görə, ölkə başçısı fevralda inaqurasiya mərasimində də qeyd edib ki, minimum əməkhaqqı hökuməti qane etmir:

“Hazırda ilin ilk 4 ayı geridə qalıb və görünən odur ki, hökumət nə minimum əməkhaqqılarını, nə də dövlət büdcəsində maliyyələşdirilən digər şəxslərin əməkhaqqılarını artırmağı düşünür. Amma ümumi nəzərə alsaq deyə bilərik ki, büdcədə sosial yönümlü xərclərə daha çox vəsait ayrılır.