Sağlam qidalanmanın əsas şərtləri
    • 2-05-2024, 21:17
    • 326

Sağlam qidalanmanın əsas şərtləri

Süfrələrimizin yaraşığı olan xörəklərin çoxunu yağsız-duzsuz təsəvvür etmək mümkün deyil. Lakin son vaxtlar ayrı-ayrı qidaları öz rasionundan çıxaranlarla tez-tez rastlaşırıq. Bu, orqanizmdə hansı problemlər yarada bilər?

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, sağlam qidalanma barədə danışan funksional tibb diyetoloqu Tükəz Əhməd deyib: “Təəssüf ki, səhv qidalanma vərdişi vardır ki, artıq çəkini azaltmaq üçün ilk növbədə yağları rasiondan çıxarırlar. Əslində isə yağ hüceyrə divarının əsasını təşkil edir. Çalışmaq lazımdır ki, zeytun, kokos və avakado yağları salatların, ərinmiş kərə yağı isə xörəklərin hazırlanmasında istifadə olunsun. Lakin orqanizmin əsas xəstəliklərindən biri xroniki iltihabdır. Onu yaradan əsas səbəblərdən biri tərkibində Omeqa-6 yağı olan qarğıdalı və günəbaxan yağlarıdır”.

Mütəxəssislər deyirlər ki, gün ərzində kifayət qədər karbohidrat qəbul edilməlidir ki, özümüzü daha rahat hiss edək. Sağlam qidalanma zamanı üç əsas amilə fikir vermək lazımdır və bura yağlar, karbohidratlar və zülallar aiddir. Müsahibimiz bildirib: “Qidalanma zamanı hər bir sağlam məhsulun porsiyasına fikir vermək lazımdır. Gün ərzində 3-4 ədəd qoz, 10-12 ədəd badam, 20-yə qədər fındıq yemək olar. Çərəzin də normadan çox qəbul edilməsi orqanizmdə müəyyən fəsadlar törədə, histamini artıra bilər. Eyni zamanda, tez-tez su içilməsi də düzgün deyil. Orqanizmdə serotonin adlanan hormon susuz olanda artır, yəni müəyyən qədər susuzluğu da yaşamaq lazımdır. Daim su qəbul edib orqanizmdən vacib mineral balansını pozmamalıdır”.

Son dövrlər dəbdə olan çox su içib çörəkdən imtina edənlərlə üzləşirik. Bu, nə dərəcədə düzgündür?

Həkim-diyetoloq Leyla Zülfüqarlı deyib: “Orqanizm elə formalaşıb ki, çörəkdən imtina edə bilmirik. Əslində çörəkdən tam imtina etmək də doğru deyil, çünki doğru çörək anlayışı var. Tərkibi tam paxlalı bitkilərdən, duz və sudan ibarət olan çörək qəbul edilməlidir”.

Onun dediyinə görə, su qəbul edərkən “qızıl orta”nı gözləmək lazımdır: “Su qəbulunun miqdarı var. Hər kiloqram üçün 30 millilitr su içilməlidir. Məsələn, çəkisi 60 kiloqram olan şəxs gün ərzində 3-4 litr su qəbul etsə, onun təzyiqi aşağı düşə, böyrəyi daha çox fiziki yüklənməyə məruz qala bilər.

Gün ərzində ən azı bir qab tərəvəz salatı qəbul etmək, gündə üç dəfə qida qəbul edəndə iki dəfə salat yemək, salatı dörd-beş növ çiy tərəvəzdən hazırlamaq faydalıdır”.

Sağlam qidalanmanın əsas şərti keyfiyyətli və ekoloji təmiz məhsul qəbul etməkdir. Doğrudur, indi hər növ qida tapmaq mümkündür. Lakin onun hansının faydalı, hansının ziyanlı olması barədə düşünmək lazımdır.