Mayın 5-6-da maqnit qasırğası olacaq
    • 4-05-2024, 21:11
    • 450

Mayın 5-6-da maqnit qasırğası olacaq


Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığından keçəcəyi proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından News24.az-a verilən xəbərə görə, Günəş aktivliyinin davam edəcəyi 4-6 may tarixləri üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur.

Qeyd edilib ki, 4-6 may tarixləri üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri hiss olunacaq. Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14.00 radələrinədək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.

Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.