-
- 7-05-2024, 17:04
- 164
Bakı funikulyorunda gediş haqqı artırılıb? - Rəsmi CAVAB
Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır.
News24.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "caliber.az"a verilən açıalamada xəbərlərin əsassız olduğu bildirilib.
“Əvvəl olduğu kimi, funikulyorla gediş adambaşına 1 manatdır”.
Qeyd edək ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, Əməkdar mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxtımıza gətirilib. Funikulyorun dəmir yolu relslərinin uzunluğu 455 metr, vaqonların maksimal sürəti isə saniyədə 2,5 metr, onların hərəkəti arasındakı interval 10 dəqiqədir.
Həmçinin qeyd edək ki, Bəhram Gurun abidəsi ilə Şəhidlər xiyabanı arasında funikulyorla səyahət vaxtı dörd dəqiqədir. Funikulyorun daşıma qabiliyyəti sutkada 2 000 nəfər təşkil edir.
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, 2012-ci ildə Bakı funikulyorunda təmir və yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb. Yenilənmiş funikulyorun açılışı 23 may 2012-ci ildə baş tutub. Vaqonların tutumu 28 nəfər təşkil edir. Funikulyorun iş saatları 10:00-dan 22:00-a qədər olur. Bazar ertəsi funikulyor fəaliyyət göstərmir.//modern