"Tesla" Almaniyada istehsalını dayandıracaq
    • 8-05-2024, 09:35
    • 228

"Tesla" Almaniyada istehsalını dayandıracaq

Elektrikli avtomobil istehsalçısı Tesla Almaniyanın "Handelsblatt" qəzetinin etirazlar səbəbilə Berlindəki fabrikində istehsalı 4 gün müddətinə dayandıracağını yazdıqdan sonra açıqlama verib.

News24.az xəbər verir ki, Tesla, cümə günü Berlin yaxınlığındakı Gruenheide zavodunda istehsalı dayandıracağını təsdiqləyib.

Fabrik meneceri Andre Thierig, X sosial media hesabında, mayın 10-da müəssisədə "bir günlük planlaşdırılan istehsal dayandırılması" olacağını söyləyib.

Həftə sonları fabrikdə istehsal fəaliyyəti olmasa da, cümə axşamı Almaniyada rəsmi tətildir.

Almaniyanın “Handelsblatt” qəzetindəki xəbərdə elektrik avtomobil istehsalçısının genişləndirmə planlarına etirazlar səbəbilə Almaniyadakı fabrikində istehsalı dörd gün müddətinə dayandıracağı yazılıb.

Şirkətin bazar ertəsi işçilərə göndərdiyi e-poçta görə, Tesla müəssisədə işləyən bütün işçilərdən cümə günü evdən işləməyi xahiş edib. İstehsalın çərşənbə günü gec növbə ilə başa çatacağı və bazar günü gecə növbəsi ilə yenidən başlayacağı bildirilib. Həmçinin fabrikə girişin yalnız menecerin razılığı ilə mümkün olacağı bildirilib.

Tesla-nın Almaniyadakı zavodunu genişləndirmək planları fevral ayında vətəndaşlar ağacların kəsilməsi və daha böyük bir sahə üçün yer açılması təklifinin əleyhinə səs verdikdə əngəllənib.

Fəallar Tesla-nın genişlənməsinə qarşı bir neçə etiraz aksiyası, o cümlədən cümə günü fabrik qapıları qarşısında mitinq keçirdiklərini elan ediblər.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Tesla-nın Avropa İttifaqında satışları bu ilin birinci rübündə əvvəlki illə müqayisədə 5 faiz azalıb.

Günel Məlikzadə