Paşinyanla kilsə arasında gərginlik
    • 8-05-2024, 17:00
    • 320

Paşinyanla kilsə arasında gərginlik

Ermənistanda kilsə dairələri tərəfindən Paşinyan administrasiyasına kəskin etiraz var.

News24.az xəbər verir ki, Erməni Apostol Kilsəsinin təşkilatçılığı ilə bəzi vətəndaşlar və siyasətçilər mayın 4-də Tavuşdan, səhər isə Şirak bölgəsinin Gümrü şəhərindən paytaxta yürüşə başlayıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında kilsənin rəhbəri II Katolikosu “yalan danışmaqda və saxtakarlıqda” ittiham edib. O, Qareginə mesaj verərək, “Aydındır ki, bu prosesin lideri bütün ermənilərin katolikosu, bundan ən çox faydalanacaq isə (müxalifət lideri) Robert Köçəryandır” deyib.

Kilsənin hökumət işlərindən uzaq olmasını istəyən Paşinyan hakimiyyət dəyişikliyinin ancaq seçki yolu ilə edilə biləcəyini bəyan edib.

SABAH YEREVANDA MİTİNQ KEÇİRİLƏCƏYİ GÖZLƏNİR

Sərhədin müəyyənləşdirilməsi prosesinin getdiyi Tavuş vilayətinin dini nümayəndəsi arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” adlı yürüşün iştirakçıları sabah paytaxt İrəvanda mitinq keçirməyi planlaşdırır.

Gümrüdə ruhanilərin rəhbərlik etdiyi yürüşdə iştirak edən qrupların da mitinqə qatılacağı gözlənilir.

Katolikos II Qaregin arxiyepiskop Qalstanyanın təşəbbüsünü dəstəklədiyini açıqlasa da, Kilsənin Ali Ruhani Şurasının bəyanatında Paşinyandan sərhədlərin müəyyənləşdirilməsi işlərinin dayandırılması istənilib.

Livandakı ən yüksək rütbəli erməni din xadimi I Aram da İrəvandakı kilsəyə dəstək bəyanatı verərkən, əvvəllər Qarabağda olan arxiyepiskop Pargev Martirosyan “Aryan ruhunu dirçəltməyin vaxtıdır” deyib. 

Sabah axşam saatlarında kilsədə keçiriləcək görüşlərdən sonra ABŞ-ın Kaliforniya ştatındakı ermənilər də Ermənistanın Baş Konsulluğuna yürüş edəcəklər.

Günel Məlikzadə