-
- 13-05-2024, 14:37
- 403
İran və Rusiyadan milli valyuta hazırlığı
İran Mərkəzi Bankının sədr müavini Möhsin Kərimi Rusiyaya ixracda ABŞ dolları əvəzinə rialdan istifadə cəhdlərinin sona çatdığını bildirib.
News24.az İran Tələbələri Xəbər Agentliyinin (İSNA) məlumatına istinadən xəbər verir ki, Kərimi Tehranda Ticarət Palatasının üzvləri ilə görüşdə çıxış edib.
Kərimi, "Rusiya, Əfqanıstan və İraqla sərhədyanı rial tətbiqi ilə bağlı işlər davam edir. Rusiyadakı araşdırmalar tamamlanmaq üzrədir və fəaliyyətə başlayacaq" deyib.
Bu sahədə ilk pilot tətbiqlərin Rusiya ilə aparıldığını bildirən Kərimi iranlı iş adamlarından Rusiyaya ixracatlarında riyaldan istifadə etmələrini istəyib.
Rusiyadan idxal üçün ödənişlərin rublla həyata keçirilə biləcəyini bildirən İran rəsmisi, sözügedən sahədə Əfqanıstan və İraq rəsmiləri ilə danışıqların davam etdirildiyini qeyd edib.
Xatırladaq ki, İran və Rusiya 2022-ci ilin iyulunda qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar. İran lideri Ayətullah Əli Xamenei 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdən imtina edilməli olduğunu bəyan edərək, “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır” deyib.
Putin isə ABŞ-ın dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadə yollarını hazırladığını bildirib. İran 25 dekabr 2023-cü ildə Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.
Günel Məlikzadə