Putin niyə Şoyqunu istefaya göndərdi?
    • 14-05-2024, 11:50
    • 297

Putin niyə Şoyqunu istefaya göndərdi?

Rusiya prezidenti Vladimir Putin 5-ci müddətinə başladıqdan dərhal sonra kabinetində bəzi dəyişikliklər edib. Ən mühüm dəyişiklik o idi ki, o, 12 il müdafiə naziri olmuş Sergey Şoyqunu vəzifəsindən azad edərək, onun yerinə baş nazirin müavini, iqtisadçı Andrey Belousovu təyin edib. 

News24.az xəbər verir ki, BBC-nin Rusiya üzrə redaktoru Stiv Rozenberq bu dəyişiklikləri şərh edib:

İlk olaraq; Rusiyada kabinet masası ətrafında kimin oturmasından asılı olmayaraq, ölkənin əsas qərarlarını yalnız bir adam verir - prezident Putin.

Müasir Rusiyada bütün siyasi sistem onun ətrafında qurulub. Ona görə də hakimiyyətə daxil olan və ya gedən adları nəzərdən keçirərkən unutmaq olmaz ki, mərkəzi siyasətin dəyişməsi ehtimalı azdır.

Yəni bu, Rusiyanın Nazirlər Kabinetində dəyişikliklərin darıxdırıcı və ya əhəmiyyətsiz olması anlamına gəlirmi?

Xeyr deyil. Sergey Şoyqunun Müdafiə Nazirliyindən uzaqlaşdırılmasının bir neçə təəccüblü tərəfi var.

Rusiyada iş yerlərində dəyişiklik nadirdir. Xüsusilə də söhbət ölkənin ən görkəmli siyasi şəxsiyyətlərindən gedirsə.

Məsələn, ölkənin veteran xarici işlər naziri Sergey Lavrov 20 ildir ki, bu vəzifədədir. Sergey Şoyqu 12 il müdafiə naziri olub (eyni dövrdə Böyük Britaniyada müdafiə naziri 6 dəfə dəyişib).

Şoyqu Putinin ən yaxın müttəfiqlərindən biri hesab olunur.

Bu da bizi belə bir fikrə gətirir: Putinlə yaxın olmaq, birlikdə balıq tutmaq və ya ova getmək, göbələk yığmaq... Bunların heç biri işinizə zəmanət vermir.


Qeyd edək ki, Şoyqunu iqtisadçı, texnokrat Andrey Belousov əvəz edəcək. Şoyqu həmçinin Rusiya Təhlükəsizlik Şurasının sədri təyin edilib. Amma bu promosyon deyil.

Bəs niyə Putinə bu qədər sadiq bir ad müdafiə naziri postundan uzaqlaşdırılıb? Niyə onu iqtisadçı əvəz edir? Bütün bunlar bizə Putin haqqında nə deyir?

Qeyd edək ki, bu dəyişiklik tam sürpriz deyil. Şoyqunun kənara çəkilə biləcəyi ilə bağlı şayiələr bir müddətdir ki, dolaşır. Əslində, onun köməkçilərindən biri Timur İvanov bu yaxınlarda korrupsiya ittihamı ilə saxlanılıb.

Üstəlik, Rusiyanın Ukrayna müharibəsinə böyük məbləğdə pul xərclədiyini nəzərə alsaq, Şoyqunun iqtisadçı ilə əvəzlənməsi məntiqlidir.

Hesablamalara görə, Rusiyanın müdafiə xərcləri artaraq ümumi daxili məhsulun (ÜDM) 7 faizinə çatıb.

Maliyyə, iqtisadi planlaşdırma və səmərəliliyi dərk edən və eyni zamanda korrupsiya ittihamlarından azad olan müdafiə naziri məntiqli seçim kimi görünür.

Amma burada maraqlı olan Putinin vaxtıdır.

2022-ci ildə Rusiya Ukraynada hərbi uğursuzluqlar yaşayanda Putin Şoyqunu işdən çıxarmayıb.

2023-cü ildə Şoyqu ilə Rusiyanın muzdlu “Vaqner” qrupunun başçısı Yevgeni Priqojin arasında ictimai müzakirələrdən və qarşılıqlı təhqirlərdən sonra Putin Şoyqu ilə səyahətinə davam edib.

İndi Rusiyanın döyüş meydanında üstünlüyünü bərpa etdiyini iddia etdiyi bir vaxtda Putin müdafiə nazirini dəyişib.

Bu, bizə bir daha onu göstərir ki, Putin təzyiq altında olanda irəli addımlamağı sevmir. O, öz seçdiyi vaxtda qərarlar verir.

Amma Rusiya hökumətində vəzifə dəyişikliyi ilə bağlı diqqət çəkən başqa bir məqam da var: Bu dəyişikliklər, bu dəfə olduğu kimi, həmişə özü ilə çoxlu suallar gətirir.

Məsələn, gələcəkdə Sergey Şoryu necə olacaq? O, Təhlükəsizlik Şurasında yeni güc mərkəzi yarada bilərmi, yoxsa bu vəzifədə onun gücünün getdikcə azalması qaçılmazdırmı?

Şoyqunun əvəzləyəcəyi Təhlükəsizlik Şurasının hazırkı rəhbəri Nikolay Patruşevin taleyi necə olacaq? Uzun müddət Rusiyanın ən qüdrətli adamlarından biri sayılan Patruşev öz hakimiyyətini qoruyub saxlaya biləcəkmi və bunu hansı missiya ilə edəcək?

Müdafiə nazirinin dəyişdirilməsi isə Baş Qərargah rəisi Valeri Gerasimovun da tezliklə vəzifəsindən azad oluna biləcəyinə işarə kimi qiymətləndirilə bilər.

Gözləyib birlikdə görəcəyik.

Günel Məlikzadə