-
- 21-05-2024, 14:27
- 286
Avropaya səfər etmək istəyənlərə BƏD XƏBƏR: Viza BAHALAŞIR
Sloveniya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Şengen vizası iyunun 11-dən bahalaşacaq. Böyüklər üçün qiymət 90 avro (təxminən 166,2 manat), 6-12 yaş uşaqlar üçün 45 avro (83,1 manat) olacaq. Qiymətlərin artmasına səbəb inflyasiyadır. Bundan əvvəl Şengen vizasının qiymətləri böyüklər və uşaqlar üçün müvafiq olaraq 79,2 avro (146,3 manat) və 39,6 avro (73,1 manat) olub.
Maraqlıdır, qiymət artımı bütün dünyada turistlərə, turizm sektoruna necə təsir edəcək? Azərbaycan üçün də bunun hər hansı müsbət və ya mənfi tərəfi varmı?
News24.az bildirir ki, turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Medianews.az-a bildirib ki, Şengen vizası üçün qiymət artımı müəyyən xərclər yaradacaq. Onun sözlərinə görə, indiki halda qiymət artımı elə də böyük deyil.
C.Aşurov qeyd edib ki, Avropaya maraq hər zaman çoxdur və vizanın qiymətinin artması bu marağa ciddi təsir etməyəcək: “İstənilən halda, bu xərclər turistlər bir yerə səyahət edərkən ümumi paketin üzərinə gəlir. Hazırda görünən fərq elə də böyük deyil. Lakin səyahətlər üçün məhdudiyyətlər aradan qalxdıqca, oraya gedən təyyarələr artdıqca, ucuz hava daşıyıcıları bazara daxil olduqca, Avropaya tələbat yenə də qalacaq. Ümumiyyətlə, dünyada səfər edən hər iki turistdən biri Avropa qitəsinə səyahətlər edirlər. Oarda hər zaman tələbat yüksəkdir. Eyni zamanda dünyaya səyahəti ən çox avropalılar edirlər. Ona görə də düşünürəm ki, Şengen vizası üçün qiymətlərin az da olsa artması Avropa üçün elə də böyük dəyişikliyə səbəb olmayacaq. Bu qiymət artımı Avropa qitəsində turist sayını azaltmayacaq. Avropaya maraq hər zaman çoxdur. Azərbaycan üçün də Avropa bahalı bazardır. Orada son dövrlər birləşmiş bir neçə şəhərə qrup turları təşkil olunur və ucuz hava daşıyıcılarından istifadə olunur”.