-
- 23-05-2024, 22:40
- 299
Çindən Tayvanı əhatə edən hərbi təlim
Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada, Çin ordusunun Tayvan boğazı ətrafında, Tayvan adasının şimal, cənub və şərq bölgələri ilə yaxın Kinmen, Matsu, Vuçi və Dongyin adaları ətrafında birgə hərbi təlimə başladığı bildirilib.
News24.az xəbər verir ki, komandanlığın sözçüsü Li Xi bildirib ki, təlim “Tayvanın müstəqilliyinə qarşı hərəkətlərə qarşı bir cəza və xarici qüvvələrin müdaxiləsinə qarşı xəbərdarlıqdır”.
Komandanlığın bəyanatında, quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin iştirak etdiyi “Birgə Qılınc-2024A adlı iki günlük təlimdə dəniz-hava birgə döyüş hazırlığı patrul xidməti, döyüş sahəsinin birgə ələ keçirilməsi və nəzarəti həyata keçirilib. Əsas hədəflərə qarşı birgə atış təlimlər icra ediləcək" qeyd edilib.
Təlimdə “patrul maşınlarının Tayvan adası ətrafındakı ərazilərə fokuslanacağı, ada zənciri daxilində və xaricində birgə əməliyyatlarla bölmələrin real döyüş imkanlarının yoxlanılacağı” bildirilib.
Qeyd edək ki, Tayvan Müdafiə Nazirliyi sosial media platformasında Çin ordusunun təlim elanını pisləyib.
Onu da bildirək ki, Tayvan ətrafında blokada yaradan təlim mayın 20-də adanın yeni seçilmiş lideri Lai Çinq-tenin andiçmə mərasimindən sonra keçirilib.
Yanvarın 13-də Tayvanda keçirilən prezident seçkilərində qalib gələn hakim Demokratik Tərəqqi Partiyasının (DPP) namizədi Lai Çinq-te bu həftənin əvvəlində and içib.
Lai prezident kimi ilk çıxışında Tayvan boğazının hər iki tərəfində status-kvonu saxlayacağına söz verib və Çini Tayvanı hərbi yolla təhdid etməyi dayandırmağa çağırıb.
Günel Məlikzadə