Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər
    • 24-05-2024, 09:49
    • 270

Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər


Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər.

News24.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilmişdir.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanmışdır.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilmişdir.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüşdür.