Dəmir yolunda ikitərəfli görüş keçirilib
    • 10-05-2019, 18:22
    • 1 575

Dəmir yolunda ikitərəfli görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu ilə görüş keçirilib.

News24.az xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir.

Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldığını, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Bakı sərnişin stansiyasında görülən işlərlə tanış olub.

Qeyd edək ki, Beynəlxalq Dəmir Yolları İttifaqı 20 oktyabr 1922-ci ildə Avropa ölkələrinin dəmir yolları arasındakı prosedurların uyğunlaşdırılması məqsədi ilə yaradılmışdır.

İttifaqa təxminən 100 ölkədən 200-dən çox dəmir yolu şirkəti daxildir. İttifaqın əsas vəzifəsi dəmir yolu nəqliyyatının dünyanın ən etibarlı və ekoloji cəhətdən təmiz nəqliyyat növü kimi rəqabət qabiliyyətinin artırılmasıdır.

İttifaq tərəfindən həmçinin konteyner daşımaları və dəmir yolu ilə digər malların daşınması üçün standart tələblər hazırlanıb.