-
- 29-05-2024, 19:25
- 219
Yüz milyon il əvvəlin canlıları: Yeni kəşf edildilər
Elm adamları 100 milyon il əvvəl Avstraliyada yaşadığına inandıqları Yexidnapus (Echidnapus) adlı qəribə canlı tapıblar.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Yeni Cənubi Uelsin şimalında heyvanın çənəsinin fosilləşmiş qalıqları, həmçinin bir neçə digər qədim və nəsli kəsilmiş növlərə dair dəlillər də tapılıb.
Rəsmi adı Opalios splendens olan əvvəllər məlum olmayan növ o dövrdə dünyada yeganə yumurtlayan məməlilər olan platipus və yexidna ilə oxşarlığına görə belə adlandırılıb.
Tədqiqatçılar deyirlər ki, bu, inanılmaz dərəcədə nadir heyvan növlərinin vaxtilə Avstraliyada bol və dominant olduğunu göstərir. Çoxsaylı fosillər təxminən 25 il əvvəl paleontoloq Elizabet Smit və qızı Kliti tərəfindən mədənin tullantıları arasında aşkar edilib.
Təxminən 100 milyon illik nümunələr Avstraliya muzeyində saxlanılır.
Professor Flanneri söyləyir ki, onlarla rastlaşanda dərhal qədim monotremlərə aid olduğunu anlayıb. Sümüklərin bəziləri əvvəllər kəşf edilmiş Steropodon qalmaniyə məxsusdur. Amma digər fraqmentlər tanış deyildi. Bunların sayəsində Flanneri və komandası əvvəllər naməlum olan üç növün mövcudluğuna dair dəlillər tapıblar.
Avstraliya Muzeyləri Tədqiqatlar İnstitutunun direktoru, professor Kris Helgenin sözlərinə görə, bu canlılar daha əvvəl nə canlı, nə də fosil monotremlərində görülməmiş xüsusiyyət birləşmələrinə malikdir. Digər ekspertlər deyirlər ki, Avstraliyada vaxtilə çoxlu monotrem olub-olmadığını söyləmək hələ tezdir və daha çox araşdırmaya ehtiyac var.