-
- 29-05-2024, 20:30
- 275
İbrahim Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olacaq? - AÇIQLAMA
İran mətbuatının məlumatına görə, İbrahim Rəisinin həyat yoldaşı akademik olan Cəmilə Alemülhudanın iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə və İranın ilk qadın prezidenti ola biləcəyi iddia edilib. Rəisinin həyat yoldaşının atası məsələ ilə bağlı açıqlama verib.
News24.az Lent.az-a istinadən xəbərinə görə, İranın dini lideri Ayətullah Əli Xameneinin Məşhəd nümayəndəsi və Rəisinin həyat yoldaşının atası Ayətullah Əhməd Alemulhudanın ofisindən verilən açıqlamada Cəmilə Alemülhudanın prezidentliyə namizəd olması iddiasının qətiyyən doğru olmadığı bildirilib.
Ailənin mayın 19-da helikopter qəzasında vəfat edən prezident Rəisinin yasını tutduqları, seçkilərə qatılmağı və heç bir namizədi dəstəkləməyi planlaşdırmadıqları bildirilib.
Ölkə mətbuatında yayılan bəzi xəbərlərdə Rəisinin akademik həyat yoldaşının iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyi və İranın ilk qadın prezidenti ola biləcəyi iddia edilib.
Prezident Rəisinin mayın 19-da helikopter qəzasında ölməsindən sonra konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneynin təsdiqi ilə vəkalətlə prezident vəzifəsinin icrasına başlayıb.
Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.
İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.
İndiyədək keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkiyan və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, mühafizəkar Səid Celili namizədlik üçün müraciət edəcəklərini açıqlayıblar.