-
- 30-05-2024, 13:31
- 161
XİN başçılarının təkbətək görüşü keçirildi
Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Xarici İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra, geniştərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə nazirlər Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib.
Görüşdə nazir Ceyhun Bayramov Cammu və Kəşmirlə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.
Tərəflər iki ölkə arasında energetika, informasiya texnologiyaları, əczaçılıq, ağır və yüngül sənaye, kimya, kənd təsərrüfatı, turizm, nəqliyyat, müdafiə, təhsil, humanitar və digər sahələrdə hərtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İki ölkə arasında birbaşa uçuşların turizmin və insanlar arasında əlaqələrin inkişafına geniş töhvə verdiyi diqqətə çatdırılıb.
Təhsil və humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı, hər iki ölkədə təhsil müəssisələrində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin mövcudluğu, təlim proqramları məmnunluqla qeyd olunub.
Nazirlər Azərbaycanla Pakistan arasında Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin daha da dərinləşməsi və qarşılıqlı sərmayələrin artırılması baxımından vacibliyini qeyd ediblər.
Görüşdə tərəflər Azərbaycanın Pakistanla müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıblar.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyinin müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.
Ceyhun Bayramov həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə geniş məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli görüşlərdən sonra, hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.