Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul imtahanı keçirilib
    • 11-05-2019, 18:37
    • 858

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul imtahanı keçirilib

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, imtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə mayın 13-də elan olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər üçün bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ayrıca qəbul imtahanı (rus dilində) keçirilib. Beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil fənləri üzrə, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyənlər isə rus dili, ədəbiyyat, riyaziyyat, tarix, xarici dil fənlərindən qəbul imtahanı veriblər.

İmtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə mayın 13-də elan olunacaq.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar. 
Müsahibə 14 – 15 may tarixlərində Dövlət İmtahan Mərkəzində təşkil olunacaq . Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaqdır.  
Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.