Astarada sürüşmə aktivləşdi - təhlükəli vəziyyət yarandı - FOTO
    • 31-05-2024, 14:36
    • 158

Astarada sürüşmə aktivləşdi - təhlükəli vəziyyət yarandı - FOTO

Güclü yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib.

News24.az APA-ya istinadən bildirir ki, son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması, Astarada müəyyən sürüşmə zonalarının aktivləşməsinə səbəb olub. Rayonun Şiyəkəran kəndində, "Məscid məhəllə" deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, 3-5 metr cərgədə əkilən sitrus və digər meyvə ağaclar, torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.

Onlar bildirir ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb.

Artıq aidiyyəti orqanların nümayəndələri əraziyə baxış keçiriblər. Astara suvarma sistemləri idarəsinin baş mühəndisi Fərid Yusubov APA-ya bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq olub. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək: "Sözügedən əraziyə Azərbaycan Su Ehtiyatları Agentliyinin və layihə institutunun nümayəndələri baxış keçirib. İlkin olaraq, şəkillər və koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, 650 paqonametr sahil mühafizə bəndlərinin tikintisi planlaşdırılıb".