-
- 1-06-2024, 16:40
- 193
Ən güclülərin 3-cü finalı
Sabah Azərbaycan kubokunun finalı keçiriləcək.
News24.az idman.biz-ə istinadən xəbər verir ki, həlledici matçda Premyer Liqanın qızıl və gümüş mükafatçıları üz-üzə gələcəklər.
“Qarabağ” “Qızıl dubl”, “Zirə” ilk titul üçün meydana çıxacaq. Bu, Azərbaycan futbolu tarixində 3-cü belə finaldır.
İndiyədək yalnız iki dəfə Premyer Liqa və kubokun iki ən güclüsü eyni komandalar olub. İlk belə hadisə 2003/04 mövsümündə yaşanıb. “Qızıl dubl”a imza atan “Neftçi” gümüş mükafatçı “Şəmkir”i əlavə vaxtdakı qolla üstələyib – 1:0.
13 il sonra oxşar hadisə yaşanıb. “Qarabağ” çempionluq mübarizəsində qabaqladığı “Qəbələ”ni kubokun finalında iki qolla məğlub edib.
Hər iki finalda çempion gümüş mükafatçıya qalib gəlib. “Qarabağ” bu tendensiyaya davam, “Zirə” isə dur deməyə çalışacaq.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı “Liv Bona Dea Arena”da keçiriləcək.