Kraliça II Elizabet “Azərbaycanın kəlağıyısı və Qarabağ atları"na heyran olub
    • 13-05-2019, 09:57
    • 935

Kraliça II Elizabet “Azərbaycanın kəlağıyısı və Qarabağ atları"na heyran olub

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunan Vindzor Kral Atçılıq Şousuna yekun vurulub.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə tədbirdə iştirak edən DSX-nın Qarabağ atları üzərində süvarilər dəstəsinin və rəqs ansamblının təqdim etdiyi “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” adlı şou-kompozisiya Birləşmiş Krallığının taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların xüsusi marağına səbəb olub.

Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə şahzadə Albert tərəfindən öz həyat yoldaşı Kraliça Viktoriyaya hədiyyə edilməsini vurğulaması böyük diqqətlə qarşılanıb.

Qədim Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirdə Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi şou-kompozisiyanı hər gün on minlərlə insan canlı izləmiş, televiziya vasitəsilə milyonlarla tamaşaçı ecazkar milli musiqimizin sədaları altında Qarabağ atlarının gözəlliyinə, süvarilərimizin hünər və igidliyinə, rəqqaslarımızın çılğın və hərarətli rəqslərinə heyran olublar.

Böyük Britaniyanın nüfuzlu “Dailymail” portalı Vindzor Kral Atçılıq Şousuna həsr etdiyi reportajında Azərbaycanın Qarabağ atlarının iştirakı ilə nümayiş etdirilən şou-kompozisiyaların Kraliça II Elizabetin ən sevimli tamaşalarından olmasını xüsusi qeyd edilib.

Tədbirdə iştirak edən Ülyahəzrət II Elizabet “Azərbaycanın kəlağayısı və Qarabağ atları” şou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini – Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, baş katib Bəhruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini qəbul edib. Görüşdə kraliçanın həyat yoldaşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi Sasseks hersoqu şahzadə Harri və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı Ülyahəzrət II Elizabetə hədiyyə kimi təqdim olunub, təqdimat zamanı rəsm əsərində təsvir edilən Bahar qızının Azərbaycanın qədim Novruz bayramının simvollarından biri olması, kəlağıyının üzərində təsvir edilmiş Xan qızı Natavan, Qarabağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilib.

Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş etdirdikləri möhtəşəm şou-kompozisiyaya, rəsm əsəri və milli kəlağayının hədiyyə edilməsinə görə dərin minnətdarlığını bildirib.