Dəhşətli istilər can aldı
    • 11-06-2024, 14:57
    • 417

Dəhşətli istilər can aldı

Hindistan həddindən artıq istilərlə mübarizə aparır. Hindistan Meteorologiya İdarəsi (IMD) ölkənin şərqindəki Odişa əyalətinin paytaxtı Bhubanesvarda dünən termometrlərin 39 dərəcəni göstərdiyini açıqlayıb.

News24.az xəbər verir ki, ştatda istilər səbəbindən 72 saat ərzində ən azı 8 nəfər ölüb. Lakin kənd yerlərində istidən ölüm halları qeydə alınmadığından ölənlərin sayının daha çox olduğu təxmin edilir.

Bu il Hindistanda temperatur rekordları qırılıb. İki həftədir ki, ölkənin bir çox bölgəsində isti dalğaları yaşanıb.

Qeyd edək ki, may ayından bəri termometrlərin 45-50 dərəcə göstərdiyi Hindistanda isti vurması nəticəsində ölənlərlə bağlı dəqiq məlumat açıqlanmasa da, 60-dan çox insanın öldüyü təxmin edilir.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, mart-may ayları arasında ölkədə təxminən 25 min istivurma hadisəsi qeydə alınıb.

Hindistan Meteorologiya İdarəsi, isti dalğasının Hindistanın şimal-qərb və şərqindəki bəzi bölgələrdə qarşıdakı 5 gün ərzində təsirli olmağa davam edəcəyini açıqlayıb. Yüksək temperaturla əlaqədar səlahiyyətlilər əhaliyə istilərin pik saatlarında çölə çıxmamağı və bol maye qəbul etməyi tövsiyə edib.

Günel Məlikzadə