Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi YEKUNLAŞIB - FOTO
    • 16-05-2019, 14:53
    • 871

Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi YEKUNLAŞIB - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə mühüm layihələr həyata keçirir. 

"Azərsu" ASC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, respublikamızın qərb bölgəsində əhalinin etibarlı və dayanıqlı  içməli su təminatına hesablanmış Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi yekunlaşıb və qurğu yaxın aylarda istismara veriləcək. 

Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Ümumi su tutumu 165 milyon kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilib. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Hazırda qurğuda emal avadanlıqlarının quraşdırılması işləri aparılır.

Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradan götürülən su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. 

Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux  şəhərinə 85 litr,  kəndlərə isə 50 litr  içməli su veriləcək. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün 27,5 km magistral su kəməri tikilib, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib. 

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun yaxın aylarda istismara verilməsi nəzərdə tutulur.Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su təmin edəcək.

Son 10 ildə həyata keçirilən içməli su layihələri çərçivəsində  məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi yaradılıb.