-
- 26-06-2024, 13:13
- 629
"Boşandıqdan sonrakı dövrdə cinsi münasibətdən uzaq olun, çünki..." - Psixoloqdan MƏSLƏHƏT
Boşanma prosesi hər bir insanın həyatında stressli və gərgin bir dövrdür. Bir çox insan boşandıqdan sonra həyatlarına necə davam edəcəklərini bilmirlər.
Bəs insanlar boşandıqdan sonra həyatlarına necə davam etməlidir?
News24.az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, boşandıqdan sonra fərdin sosial münasibətlərində ciddi dəyişikliklər olur:
"Bunlar ətrafın, dostların və ailə üzvlərinin davranışlarında hiss olunur. Qadınlar bu vəziyyətdən kişilərə nisbətən daha çox təsirlənir. Digər tərəfdən, boşanmış qadın və kişilər üçün ailə üzvləri və qohumlar dəstək olduqları qədər, stress və gərginlik qaynağı da ola bilər. Xüsusilə bu hal sosial-iqtisadi vəziyyəti aşağı ailələr üçün keçərlidir. Bu yerdə boşanmış qadın, dəstək üçün qohumlarına arxalandıqca asılılıq hissləri güclənir. Ya da ailə üzvləri bu vəziyyəti lazımlı qoruyucu bır proses kimi görür. Hazırda inkişaf etmiş qərb cəmiyyətlərində boşanma, cəmiyyət tərəfindən əvvəlki kimi utanılacaq bir vəziyyət olaraq görülmür. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə boşanmış insanlara qarşı mənfi münasibətlər daha sıx olur. İqtisadi vəziyyəti özünə yetən və özünə güvənən xanımlarda bu proseslər çox daha az baş verir".
Psixoloq qeyd edib ki, boşandıqdan sonra həyata uyğunlaşmaq həm müsbət, həm də mənfi tərəfləri olan uzunmüddətli prosesdir:
“Boşanan insanlar artıq evli olmadıqlarını qəbul etməlidirlər. Çünki keçmiş həyat yoldaşları ilə aralarındakı bağa sadiq qalmaq onlara daha çox stress yaradır. Bu insanlar yanlız olduqlarını qəbul etdikdən sonra kədərlərini daha rahat şəkildə yaşaya bilirlər. Həmin insanlar bu müddət ərzində özlərini günahlandırmamalıdır. Çünki qəzəb və qisas hissi insanları ruhdan salır. Övladı olan valideynlər də kədərlərini övladlarına hiss etdirməməlidir. Övladlarına daha çox zaman ayıraraq onları da boşanma vəziyyətinə adaptasiya etməlidirlər. Bəzən bu ərəfdə insanlar pis vərdişlərə yönəlirlər. Çünki pis vərdişlər həmin ərəfə üçün çıxış yolu kimi görünsə də, sonrakı mərhələdə fəsadları böyük olacaq. Pis vərdişlər yerinə yeni hobbilərlə məşğul ola bilərlər. Bu həm onların stressdən uzaqlaşmasına, həm də vaxtlarını səmərəli keçməsinə səbəb olacaq. Boşandıqdan sonrakı stressli dövrdə cinsi münasibətdən və yeni partnyordan uzaq durmaq lazımdır. Çünki həmin mərhələdə insanların hissləri qarışıq olur. Bu özlüyündə həmin insanların yeni səhvlər etməsinə səbəb olur. Bu dövrdə maksimum sosial həyatlarını aktivləşdirməli və dostlarından dəstək almağa çalışmalıdırlar”.