-
- 30-06-2024, 17:26
- 301
Azay Quliyev ATƏT PA-da çıxış ETDİ
Məlumat verdiyimiz kimi, Milli Məclisin deputatları - ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev ATƏT PA-nın “Mövcud təhlükəsizlik arxitekturasında ATƏT-in rolu: Parlament Perspektivi” mövzusunda keçiriləcək 31-ci sessiyasının işində iştirak edirlər.
Azərbaycan Nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Demokratiya, insan hüquqları və humanitar məsələlər Komitəsinin iclasında Qərbi Azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun təmin edilməsinin vacibliyindən danışıb:
“Hörmətli həmkarlar, çox məmnunam ki, biz, Azərbaycan nümayəndə heyəti olaraq, artıq ATƏT PA-nln iclaslarında Cənubi Qafqazda daimi sülhün və barışın mümkünlüyündən danışırıq. Çünki Azərbaycan ərazilərini 30 illik Ermənistanın işğalından azad etdikdən sonra bölgədə sülhün bərqərar olması üçün hər şeyi edir.
Biz ümid edirik ki, Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirərsə, qısa müddətdə iki ölkə arasında münasibətlər normallaşa və sülh sazişi imzalana bilər.
Biz bu gün ATƏT ərazisində qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, humanitar vəziyyətin yaxşılaşdırılması məsələsini müzakirə edirik.
Lakin Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq təşkilatlar, o cümlədən ATƏT PA tərəfindən hər hansı bir konkret addımın atılmaması, qətnamə layihəsində və hesabatda lazımı formada əks olunmaması bizi ciddi narahat edir. 1990- cı illərin əvvəllərində Azərbaycanın 7 milyon əhalisi vardı.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və təcavüzü nəticəsində 300 min azərbaycanlı Ermınistandan deportasiya edildi, 700 min isə məcburi köçkünə çevrildi. Beləliklə, Azərbaycaın əhalisinin 7/1 hissəsi çox dəhşətli humanitar böhranla üz-üzə qaldı.
Lakin, bu cür dərin siyasi, hüquqi və humanitar ölçülərə malik görünməmiş ədalətsizliyə dünya birliyi etinasız qaldı.
İndiyə kimi bu ədalətsizlik davam edir. Keçmiş məcburi köçkünlərin geri qayıtması üçün Azərbaycan hökuməti çox böyük işlər görür və bu günə kimi 5 mindən çox soydaşımız təhlükəsiz və ləyaqətli şəkildə işğaldan azad edilmiş ərazilərə qayıda bilib. Yerdə qalan yüz minlərlə vətəndaşımız isə öz evlərinə hələ də qayıda bilmir. Bunun səbəbi odur ki, işğal zamanı Ermənistan bütün şəhər və kəndlərimizi dağıdıb, milyondan çox mina basdırıb. Ərazilərin yenidən qurulması və minalardan təmizlənməsi üçün zamana və çox böyük maliyyəyə ehtiyac var.
Bu məsələni də ATƏT PA-nın məruzəçisi diqqətə almalıdır.
Yenə də, Ermənistandan qovulmuş azərbaycanləların məsələsinə qayıtmaq isyəyirəm.
Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə zorakılıq, kütləvi qırğınlar, insan hüquqlarının və humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunub. Bu Ermənistanın dövlət orqanlarının sistemli səyləri ilə həyata keçirilib.
Nəticədə dediyim kimi, 300 mindən çox azərbaycanlı, o cümlədən ailəm və mən münaqişənin başlanğıcında Ermənistandan zorla deportasiya edildik.
Azərbaycanın mədəni-tarixi irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar sistematik şəkildə dağıdılıb, Ermənistanda azərbaycanlıların bütün izlərini silmək üçün toponimlər qəsdən dəyişdirilib.
Narahatlığımı əsaslandırmaq üçün yüzlərlə sübut təqdim edə bilərəm.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusu Haqqında Konvensiyada və digər mühüm beynəlxalq sənədlərdə təsbit olunmuş geri qayıtmaq hüququna uyğun olaraq, Qərbi Azərbaycan İcmasının dinc şəraitdə geri qayıtmaq hüququnu təmin edilməsi uğrunda mübarizə aparır.
Qovulmuş azərbaycanlıların öz doğma yurdlarına və doğma yerlərinə təhlükəsiz və ləyaqətlə qayıtması, habelə qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının həyata keçirilməsinə Ermənistan zəmanət verməlidir.
Hesab edirəm ki, Ermənistan hökuməti etnik azərbaycanlıların qayıdışına imkan yaratmaq və onların hüquqlarını qorumaq üçün bu beynəlxalq prosesi asanlaşdırmalıdır və bununla da bu tarixi ədalətsizliyə son qoymalıdır.