İsti hava ilə bağlı xəbərdarlıq: Saat 10-a kimi...
    • 5-07-2024, 17:14
    • 443

İsti hava ilə bağlı xəbərdarlıq: Saat 10-a kimi...

Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağın ən optimal vaxtı səhər 10-a kimi və axşam 6-dan sonra hesab olunur.

News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Azərbaycanda müşahidə olunan isti hava şəraiti ilə əlaqədar müraciətində qeyd edilib.

Bildirilib ki, yay mövsümündə müşahidə olunan isti hava şəraiti ilə əlaqədar istivurma və günvurma kimi insan sağlamlığına ziyanlı hallar baş verə bilər. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur:

"İstivurma və günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır. Günvurma və ya istivurmaya məruz qalan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq lazımdır. Yay aylarında ilk növbədə yetərincə maye qəbul etmək və orqanizmi həddindən artıq istilənməkdən qorumaq tövsiyə edilir".

Müraciətdə vurğulanıb ki, bu mövsümdə meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur:

"Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanizmin susuzlaşdığı bir dövrdə çox vacibdir. Yay mövsümündə istehlak edilən hazır və sağlam olmayan qidalar, yağlı yeməklər, spirtli və şirin içkilər - bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur. İsti havalarda həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir".