-
- 6-07-2024, 19:15
- 486
Cibə və təbiətə ziyan: Avtomobilləri qısa məsafələrə sürmək niyə problem yaradır?
Qısa məsafələrdə sürülən avtomobil sahibləri bir sıra spesifik problemlərlə qarşılaşa bilərlər. Nəzərə almaq lazımdır ki, qısa məsafələr mühərriklərə, xüsusən də dizellə işləyən mühərriklərə mənfi təsir göstərir.
News24.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda Almaniyadakı avtomobil şirkətlərinin birində yeni mühərriklərin test mərkəzində çalışan Natiq Ağayev açıqlamasında bildirib ki, bu problemlərin yaranmasına səbəb mühərrikin tam isinə bilməməsi və müəyyən sistemlərin tam effektiv işləməməsidir.
"Mühərrik tam isinə bilmədiyi üçün yanacaq səmərəliliyi azalır və yanacaq istehlakı artır. Qısa məsafələrə sürüş zamanı mühərrikdə tam yanma prosesi baş vermir və bu, karbon çöküntülərinin, yəni hisin, "naqar"ların yaranmasına səbəb olur. Bu hissəciklər mühərrikin giriş kollektorunu çirkləndirir. Bu hal isə mühərrikin performansını aşağı sala və emissiyaları artıra bilir.
Mühərrikin tam isinə bilməməsi səbəbindən yağın özlülüyü optimal səviyyəyə çatmır və bu, mühərrikin daxili hissələrinin düzgün yağlanmamasına səbəb olur. Bu da öz növbəsində yağın rənginin tez dəyişməsinə gətirib çıxarır, çünki emissiya dəyərləri çox olur.
Avtomobili qısa məsafələrdə sürən zamanı DPF (diesel particulate filter - his əleyhinə filtr) sistemi də effektiv şəkildə işləyə bilmir. Nəticədə filtr tıxanması baş verə bilir.
Həmçinin, EGR (exhaust gas recirculation - işlənmiş qazların yenidən dövriyyəsi) sistemi də tam olaraq işləyə bilmir, bu da his, "naqar" yığılmalarına və onun tıxanmasına səbəb ola bilər.
Mühərrikin tam isinə bilməməsi emissiya sistemlərinin tam effektiv işləyə bilməməsinə, zərərli NOx (azot oksidlər) qazlarının artmasına səbəb olur.
Mühərrik tam isinmədikdə avtomobilin soyutma sistemi də tam olaraq işə düşmür və bu da sonradan mühərrikin həddən artıq qızmasına gətirib çıxarır.
Sürücülər onu da nəzərə almalıdırlar ki, qısa məsafələrdə sürmə zamanı avtomobilin akkumulyatoru tam olaraq dolmaya bilər ki, bu da onun daha tez sıradan çıxmasına səbəb ola bilər. Qısa desək, avtomobili qısa məsafələrdə sürməyiniz akkumulyatorun daha tez dəyişdirilməsini tələb edir", - deyə N.Ağayev vurğulayıb.
Mütəxəssis qeyd edib ki, vaxtaşırı olaraq avtomobili uzun məsafələrdə sürmək, mühərrikin, DPF-nin və digər sistemlərin təmizlənməsi və düzgün işləməsi üçün vacibdir. Bundan əlavə, avtomobilin müntəzəm texniki xidmətini təmin etmək, potensial problemlərin erkən aşkarlanmasına və qarşısının alınmasına kömək edər.