-
- Dünən, 23:27
- 123
Enerji içkilərinin QORXUNC ÜZÜ -Kardioloqdan xəbərdarlıq
Son illər insanlar arasında enerji içkilərinə tələbat kəskin şəkildə artıb. Gənc və orta yaşlılardan savayı, azyaşlı uşaqlar da belə içkilərə olduqca meyillidir. Siqaret və spirtli içkidən fərqli olaraq, mağazalarda bu növ içkilərin satışına hər hansı bir məhdudiyyət tətbiq edilmir. Lakin enerji içkilərinin insan orqanizminə fəsadları olduqca çoxdur.
Mövzu ilə bağlı News24.az yenisabah.az-a istinadla danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, enerji içkilərindən mütəmadi istifadə insanlarda erkən yaşda diabet və piylənmə yaradır:
Əvvəllər siqaret və narkotik vasitələrə qarşı nə qədər mübarizə aparırdıqsa, bu da eyni istiqamətdə bizi narahat edən məsələdir. Enerji içkiləri elə-belə adi su deyil. Onun tərkibində kifayət qədər sinir sistemini oyadan və ürəkdöyünmə yaradan kofein maddəsi var. Eyni zamanda piylənmə və şəkər xəstəliyinə, mədə-bağırsaq xəstəliklərinə gətirib çıxaran çoxlu sayıda inqredientlər məhz enerji içkilərində cəmləşib. 5-10 il ərzində mütəmadi enerji içkisi içən insanda şəkərli diabet xəstəliyi artıq hazırdı”.
Kardioloq qeyd edib ki, enerji içkilərinin ən dağıdıcı zərəri isə hipertoniya (təzyiq) xəstəliyini meydana gətirməsidir:
“Bu içkilərin ən ziyanlı təsirlərindən biri də ondan ibarətdir ki, tərkibindəki kofein qan təzyiqinin artmasına gətirib çıxarır. Enerji içkisindən mütəmadi istifadə edənlərdə 25-30 yaşlarından etibarən arabir epizodik qan təzyiqinin qalxması müşahidə olunur. Bu isə hipertoniya xəstəliyinin yaranması üçün əsl şərait yaradır. Piylənmə və təzyiq xəstəliyinin qarşısının alınmasında, enerji içkilərindən istifadədən qaçmaq mütləq şərtdir. Çox təəssüf ki, bir çox insan gərgin iş rejimi və yuxusuzluğu əsas gətirərək, gündə ən az 1 ədəd enerji içkisi qəbul edir. Bu sağlamlıq üçün qəti şəkildə yolverilməzdir”.