-
- 6-07-2024, 20:25
- 285
Peruda 4 min il əvvələ aid məbədin xarabalığı aşkar edildi
Arxeoloqlar qrupu Perunun şimalındakı qum təpəsində basdırılmış 4000 illik mərasim məbədinin xarabalığını və dini ayinlər üçün istifadə edilən insan skeleti qalıqlarını aşkar ediblər.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, məbədin xarabalığı Sakit okeandan qısa bir məsafədə və paytaxt Limadan təxminən 780 kilometr şimalda, Cənubi Amerika ölkəsinin Lambayeque bölgəsindəki Zana qumlu səhra rayonunda aşkar edilib.
Araşdırmaya rəhbərlik edən Peru Katolik Universitetinin arxeoloqu Luis Muro bildirib: “Biz hələ də məbədin dəqiq tarixini təsdiqləmək üçün radio-karbon analizinin nəticələrini gözləyirik, lakin sübutlar göstərir ki, bu dini tikili o dövrdə Perunun şimal sahillərində tikilmiş məbədlərdə ayin keçirilməsi ənənəsinin bir hissəsi ola bilər”.
Luis Muronun komandası bir vaxtlar çoxmərtəbəli binanın divarları və zirzəmisi arasında basdırılmış üç yetkin insanın skelet qalıqlarını tapdığını, onlardan birinin dəfn mərasimini müşayiət etdiyini və ehtimal ki, bir növ kətan və ya paltara bükülmüş olduğunu bildirib.
Məbədin divarlarından birində insan bədəni və quş başı olan mifoloji fiqurun yüksək relyefli təsviri var. Luis Muro bu dizaynın İspaniya işğalı öncəsi mərkəzi Peru sahillərində məskunlaşan Çavin mədəniyyətindən də əvvələ aid olduğunu bildirib. O, yaxınlıqda aparılan qazıntılar zamanı başqa bir məbədin qalıqlarının da tapıldığını, bunun ölkənin şimal sahillərində təxminən 1400 il əvvəl yaranmış Moçe mədəniyyətinə aid olduğunu deyib.
Şimali Peruda təxminən 5000 il yaşı olan Müqəddəs Karal şəhəri kimi mərasim kompleksləri olan nekropollar çoxdur. Cənubi Perunun İka bölgəsində isə 1500 ildən çox əvvəl səhrada oyulmuş mistik geoqliflər tapılıb.
Perunun ən görkəmli arxeoloji ərazisi XV əsrin ortalarında inşa edilmiş və Ümumdünya İrs Siyahısına daxil olan inklərin Maçu Pikçu qalasıdır. Bu istehkam ölkənin dağlıq Kusko əyalətində yerləşir.