Bəzi heyvanlar insanlarda xəstəliyi daha tez aşkarlayır
    • 11-07-2024, 21:30
    • 443

Bəzi heyvanlar insanlarda xəstəliyi daha tez aşkarlayır

Xəstəliyin diaqnozunun qoyulması, bədəndə baş verənlərə dərinin altından baxa bilmək üçün bahalı, yüksək texnologiyalı cihaz və avadanlıqlara ehtiyac duyulur. Lakin bu alətlər, inanılmaz olsa da, xəstəlikləri aşkar edə bilən yeganə vasitə deyil. Ətrafımıza diqqət yetirsək, biz hətta güclü xəstəliyi aşkarlayan agentlərlə bir evdə qaldığımızı görə bilərik. Bəzi insanlar öz sağlamlıq problemləri barədə məlumatı heyvanların davranışı əsasında öyrənirlər.

News24.az Modern.az-a saytına istinadla xəbər verir ki, nümunələr arasında itlərin burnunu çəkməsi, sahibinin dərisindəki ləkələri çeynəməyə çalışması və s. kimi hərəkətlər var. Təcrübələr göstərir ki, əslində canlıların bir çox növləri - mikroskopik qurdlardan tutmuş itlərədək bir sıra heyvanlar insanlarda olan xəstəlikləri bioloji nümunələr əsasında müəyyənləşdirir. Aşkar edilən xəstəliklər müxtəlifdir. Onlar xərçəngi, bəzi infeksiyaları, hətta COVID-19-u belə hiss edə bilir.

Xəstəlikləri aşkarlaya bilən heyvanların bəlkə də ən məşhur nümunəsi itlərdir. Tədqiqatçılar bildirirlər ki, diabetli xəstələrdə epileptik tutmalar və aşağı qan şəkəri də xüsusi təlim keçmiş itlər tərəfindən aşkarlana bilər. İtlər əgər insan bədənindəki ləkələri qoparmağa çalışırlarsa, əksər hallarda həmin ləkələrə bədxassəli melanoma diaqnozu qoyulur. Alimlər buna itlərdəki çox güclü qoxu hissinin səbəb olduğunu bildirirlər. Bu canlılarda qoxu duyğusu insanlardan 10 min dəfə daha yaxşı formalaşıb.

Siçovullar da xüsusi qoxuları iyləməkdə həssasdır. Afrika nəhəngi kisəli siçovula Mozambikdə mina partlayıcılarının iyini aşkar etmək üçün xüsusi təlim keçiblər. Bu siçovullar həm də xəstələrdən götürülən nümunələrdə vərəmin aşkar edilməsində mühüm rol oynayır. Bu işdə onların iybilmə qabiliyyəti köməyə çatır.

Bal arıları müəyyən xəstəliklərin, o cümlədən ağciyər xərçəngi, vərəm və COVID-19-un əlamətlərini aşkar edə bilir. Onlar aşağı konsentrasiyalı qoxulara son dərəcə həssasdırlar. Heyvan təlimçiləri bal arılarına şəkər verməklə onlara dillərini çıxararaq xüsusi qoxuların mövcudluğuna cavab verməyi öyrədə biliblər.

Bəs heyvanlar spesifik xəstəliklərin mövcudluğunu necə müəyyən edə bilir? Bu, bir çox heyvanların insanın kimyəvi qoxu profilindəki kiçik dəyişiklikləri aşkar etmək qabiliyyəti ilə əlaqədardır. Onlar orqanizmin hətta sağlam olduqda belə çox aşağı səviyyədə buraxdığı uçucu üzvi birləşmələrdə çox incə dəyişiklikləri aşkar edə bilirlər.