-
- 13-07-2024, 17:35
- 402
NASA-dan yeni fotoşəkil
NASA-nın “James Webb” kosmik teleskopu artıq iki ildir ki, qalaktikamız və onun hüdudlarından kənarda maraqlı fotoşəkillər çəkərək Yerə göndərir.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, kosmik teleskopun göndərdiyi yeni heyrətamiz fotoşəkildəki qalaktikalar zahiri əlamətlərinə görə astronomlar tərəfindən “Pinqvin və Yumurta” adlandırılıb.
Yeni fotoşəkil Yerdən 326 milyon işıq ili uzaqlıqda yerləşən və “Arp 142” kimi tanınan qarşılıqlı əlaqədə olan iki qalaktikanı göstərir. Onlar bir-birindən 100.000 işıq ili məsafədədir. Astronomlar qeyd edirlər ki, bu, çox uzaq görünə bilər, amma astronomik baxımdan yaxındır. Bunun əksinə olaraq, bizim Süd Yoluna və planetimizə ən yaxın olan əsas qalaktika – “Andromeda” 2,5 milyon işıq ili məsafəsində yerləşir.
“Pinqvin və Yumurta” qalaktikaları kosmosda ilk keçidini 25-75 milyon il əvvəl edib”, - deyə NASA-nın açıqlamasında bildirilir. Bu, öz növbəsində, “Pinqvin”də yeni bir ulduzun meydana gəlməsinə səbəb olub.
Qalaktikaların birləşməsi onların milyonlarla il ərzində hər il yüzlərlə yeni ulduz əmələ gətirməsinə səbəb ola bilər. NASA qeyd edir ki, “Pinqvin”lə bağlı araşdırmalar hər il təxminən 100-200 yeni ulduzun yarandığını göstərir. Bu, hər il təxminən altı-yeddi yeni ulduzun əmələ gəldiyi bizim Süd Yolu qalaktikamızda olduğundan dəfələrlə çoxdur.
Qalaktik qarşılıqlı təsirdən əvvəl, indi dairəvi olan “Pinqvin” spiralvari qalaktika idi. “Yumurta” isə daha yaşlı ulduzları ehtiva edən elliptik qalaktikadır.
Baltimor Kosmik Teleskop Elmi İnstitutunun yaydığı məlumata görə, şəklin yuxarı sağ tərəfində Yerə 100 milyon işıq ili yaxın olan “PGC 1237172” qalaktikası da var. Təbii ki, arxa planda daha minlərlə qalaktika yerləşir.
“Hubble” kosmik teleskopundan fərqli olaraq, “James Webb”in 18 fərdi güzgüsü var. Bu, ona ən zəif işıqlı obyektlərin bəzilərini görməyə və kainatın ən qədim dövrlərinə nəzər salmağa imkan verir.