Qamət POZĞUNLUĞU – Uşaqlarda onurğa əyriliyi halları niyə ARTIB?
    • 15-07-2024, 22:12
    • 263

Qamət POZĞUNLUĞU – Uşaqlarda onurğa əyriliyi halları niyə ARTIB?

Son illərdə insanların bədən quruluşlarında əyriliklər, skolyoza oxşar forma, qamətin əyilməsi halları müşahidə olunur. İnsanların böyük əksəriyyəti düz qamətli deyil, çiyinlər önə əyilmiş vəziyyətdədir. 

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu vəziyyət paytaxt Bakıda daha çox müşahidə olunur. 

Bədən quruluşundakı əyriliklərin səbəbi nədir?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, müşahidələr göstərir ki, zaman-zaman nəsillər arasında akselerasiya və retardasiya deyilən hadisələr baş verir: 

“Akselerasiya fiziki inkişafın əqli inkişafı üstələməsidir. Yəni uşaqlar öz yaşıdlarından daha iri görünürlər. Retardasiya isə cırlaşma deməkdir. Burda isə əksinə, əqli inkişaf fizikini üstələyir.

İnsan həm də ətraf aləmin, iqlimin təlatümlərinə, temperatura, maqnit sahəsinin dəyişməsinə görə insanlar da fərqliləşir. Bu adaptasiyadır, buna filogenetika deyilir. Yəni insan o qədər yavaş-yavaş dəyişilirsə, onu gözlə görmək mümkün olmur. Əlbəttə ki, 400-500 il bundan əvvəlki ilə indiki insanın analizlərində, qan təhlillərində, boyunda “N” qədər fərqlər var”. 

A.Qeybulla qeyd edib ki, təəssüf ki, bu məsələ neqativ istiqamətə gedir:

“Düzdür, orta ömür uzunluğu artıb. Çünki qabaqki dövrdə, xüsusən 19-cu əsrə qədər pandemiyalar çox olub deyə, insanlar çoxsaylı şəkildə qırılırdılar. Təbii ki, insanların dəyişməsi həm də buna bağlıdır.

Digər tərəfdən, günümüzdə çəki almış adamların da sayı daha çoxdur, nəinki hərəkətlilərin.. Bu da xəstəliklərin əsasında dayanır. İnsanların kütləvi idmanla məşğul olması, sağlam qidalanması çox vacibdir. Kütləvi idman ümumi genofondun sağlamlaşdırılmasında çox mühüm məsələdir. Qadınlarda da, kişilərdə də oynaqlarda problemlər müşahidə olunur. Bu da özlüyündə boya, qamətə, hərəkətinə, fiziki aktivliyinə təsir edir”.