-
- 18-07-2024, 19:56
- 524
DİQQƏT: Kremli tortlar yayda zəhərlənməyə səbəb ola bilər
“Yeməklər isti havalarda daha tez xarab olur. İsti hava mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Yeməyi sağlam və təhlükəsiz şəkildə bişirmək üçün bu məqamlara diqqət yetirmək vacibdir”.
News24.az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev deyib. O qeyd edib ki, kremli tortlar, mayonezli salatlar, süd və süd məhsulları kimi bir çox həssas qidalar zəhərlənməyə səbəb ola bilər:
“İstifadə olunan süd və süd məhsullarının təzə olmasına diqqət yetirilməlidir. Xarab olmuş və ya vaxtı keçmiş süd məhsullarını qəbul etmək və ya ondan yemək hazırlamaq olmaz. Kremli tortlar və onların tərkibindəki krem soyuducuda saxlanılmalıdır. Xüsusilə isti havalarda krem tez xarab olur. Tort və ya xəmirlərin hazırlanmasında istifadə olunan məhsulların bişirilməsi və saxlanma şəraiti gigiyenik olmalıdır. İstifadə olunan avadanlıqlar təmiz olmalı və qida təhlükəsizliyi qaydalarına uyğun istifadə edilməlidir. Hazır tortların saxlanma temperaturuna və qaydasına nəzarət edilməlidir. Bundan əlavə, tortlar uzun müddət üstü açıq qalmamalı və istehlakdan əvvəl təzəliyi yoxlanılmalıdır”.
Ekspert toylarda zəhərlənməyə səbəb olan hallardan da danışıb:
“Toylarda zəhərlənmə halları daha çox salatlardan, xüsusilə də mayonezli salatlardan baş verir. Çünki mayonezin tərkibi həm qatqı maddələri ilə zəngindir, həm də yüksək risk qrupuna aid olan məhsuldur. Düzgün şəraitdə və temperaturda saxlanmadıqda zəhərlənmə hallarına gətirib çıxarır”.
Qeyd edək ki, Şamaxıda toy zamanı kütləvi zəhərlənmə baş verib. Zəhərlənməyə evdə hazırlanan tortun səbəb olduğu bildirilir. Zəhərlənənlərə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar