İsrail Paris Olimpiadasında iştirak edəcək?
    • 20-07-2024, 11:40
    • 439

İsrail Paris Olimpiadasında iştirak edəcək?

Dünya futbolunun rəhbər orqanı olan FİFA Fələstinin İsrailin beynəlxalq futboldan qadağası ilə bağlı müraciət qərarını təxirə salıb.

News24.az xəbər verir ki, FİFA-nın verdiyi açıqlamada, "Fələstin Futbol Federasiyasının İsrail Futbol Federasiyasına qarşı etdiyi müraciətin müstəqil hüquqi qiymətləndirilməsi 20 iyul 2024-cü il tarixinə qədər FİFA Şurasına təqdim edilməli idi. Hər iki tərəfin tələblərini təqdim etmək üçün əlavə vaxt tələb etdikdən sonra mövqelər FİFA tərəfindən müvafiq şəkildə qarşılandı. Bu prosesi lazımi diqqət və tamlıqla başa çatdırmaq üçün daha çox vaxt lazım olduğuna qərar verildi" deyildi.

FİFA qərarın müstəqil hüquqi qiymətləndirmənin FİFA Şurası ilə paylaşılmasından sonra ən geci avqustun 31-dək veriləcəyini bildirib.

Qeyd edək ki, qərarın təxirə salınması ilə İsrail Milli Futbol Komandası iyulun 26-da başlayacaq Paris 2024 Olimpiya Oyunlarında iştirak edə biləcək.

Fələstin Futbol Federasiyası ötən aprel ayında FİFA-ya göndərdiyi yazılı müraciətdə, İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumların səbəb olduğu insan hüquqları pozuntularına qarşı lazımi addımları atmadığını əsas gətirərək, İsrail Futbol Federasiyasının FİFA üzvlüyünə xitam verilməsini istəyib.

Fələstin Gənclər və İdman Ali Şurasının sədri Cibril əl-Rucub ötən may ayında verdiyi açıqlamada Fələstin Futbol Federasiyasının İsrail rəsmiləri tərəfindən FİFA-ya İsrailin qovulması ilə bağlı müraciətini geri götürməklə hədələndiyini bildirmişdi.

Günel Məlikzadə