“Müsavatın hakimiyyətlə əlaqəsi olması haqda şayiələr dolaşır”
    • Dünən, 23:27
    • 53

“Müsavatın hakimiyyətlə əlaqəsi olması haqda şayiələr dolaşır”

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi təşkilatların arasında Müsavat Partiyası da var. Müsavat marafona 50-yə yaxın namizədlə qoşulub. 

Maraqlıdır ki, iddialılar sırasında Müsavatın iki əsas siması – partiya başqanı İsa Qəmbər və ali məclisin sədri Arif Hacılının adları yoxdur.

İsa Qəmbər və Arif Hacılının seçki mübarizəsindən kənarda qalması müzakirəsiz ötüşmədi. Opponentləri bu qərarı adıçəkilən şəxslərin parlament seçkilərinin perspektivinə inanmamaları ilə əlaqələndiriblər. 

Müxalifətin qələbə qazanmaq şansının olmadığı üçün İsa Qəmbər və Arif Hacılının mübarizədən kənarda qaldığı iddia edilir. 

News24.az xəbər verir ki, Müsavatın divanının üzvü Nüşabə Sadıqova Yenisabah.az-a açıqlamasında bu iddianı şərh edib. O bildirib ki, Müsavat Partiyası hər dəfə seçkilərdə yüksək səslər toplayır:

“Əslinə qalsa, bütün cəmiyyətin, o cümlədən təqdim olunan namizədlərin özlərinin də parlament seçkilərinə etimadı, inamı yoxdur. 

Müsavat Partiyası hər dəfə seçkilərə qatılır və yüksək səslər toplanılır. Lakin sonra nəticələr saxtalaşdırılır və partiyadan heç kəs parlamentə düşə bilmir. 

Amma mən inanmıram ki, Arif bəy və İsa bəyin namizədliyinin verilməməsi məhz bu məsələ ilə bağlıdır. Mən düşünürəm ki, hələ ortalıqda heç bir şey olmadığı halda, Müsavatın guya hakimiyyətlə əlaqələrə girməsi ilə bağlı şayiələr dolaşmaqdadır. 

Hətta bir dəfə Fərəc bəy çox böyük bir status yazmışdı və demişdi ki, hər dəfə bu sözü deyirlər və sonda bu nəticə alınmayanda heç olmasa bir üzr istəməlidilər”. 

Nüşabə Sadıqova Arif Hacılı və İsa Qəmbərin seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı dəqiq məlumatın olmadığını qeyd edib:

“Hələki proses gedir və Arif bəylə İsa bəyin seçkilərə qatılıb-qatılmayacaqları məlum deyil. Qatılmasalar belə, Müsavat Partiyası olaraq, biz öz mənliyimizi, ləyaqətimizi göstəririk. Biz bu seçkilərə yalnız Azərbaycan xalqını siyasi cəhətdən fəallaşdırmaq üçün qatılırıq. Siyasi partiyaların da ən əsas vəzifələrindən biri mübarizə aparmaqdır. Biz də bu yolu seçmişik. Önəmli olan mübarizə aparmaqdır”.