Azərbaycan və Belarus Dövlət Gömrük Komitələri arasında saziş imzalandı
    • 29-05-2019, 15:50
    • 805

Azərbaycan və Belarus Dövlət Gömrük Komitələri arasında saziş imzalandı

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Sazişin imzalanma mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevə ölkəmizdə səfərdə olan Belarus Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senko imzalayıblar.

Komitədən News24.az-a verilən məlumata görə, S.Mehdiyev görüşdə Azərbaycan və Belarus arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb, bu əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu və bu gün də həmin münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdirilməsində hər iki ölkə prezidentlərinin fəaliyyətini xüsusilə qeyd edən DGK sədri onu da bildirib ki, Azərbaycanla Belarus arasındakı iqtisadi-ticari əlaqələr hər iki dövlətin iqtisadiyyatına mühüm töhfə verir.

S.Mehdiyev Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdırıb, bu gün imzalanan sazişin tərəflər arasında əlaqələrin inkişafına və inteqrasiyasına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən DGK sədri, həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.

Y.Senko Azərbaycana səfərindən, ölkəmizin inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərinə toxunub. İki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən qonaq qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.