-
- 25-07-2024, 13:16
- 277
Yaponiyada əhali sayında kəskin azalma BAŞ VERDİ
Yaponiya Daxili İşlər Nazirliyinin açıqladığı əhali məlumatlarına görə, 2023-cü ildə diri doğulan körpələrin sayı 730 minlə indiyə qədərki ən aşağı göstərici olub.
Keçən il ölənlərin sayının 1,58 milyon olaraq qeyd edildiyi Yaponiyada ümumi əhali ardıcıl 15-ci ildir ki, yarım milyondan çox azalıb.
2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub.
Əlavə olaraq Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib.
Hazırda ümumi əhalinin təxminən 3 faizini təşkil edən əcnəbilər, əsasən, 15-64 yaş qrupunda olan əmək qabiliyyətli insanlardır.
Sorğular göstərir ki, gənc yaponlar getdikcə daha çox evlənmək və ya uşaq sahibi olmaq istəmirlər. Onlar pis iş perspektivləri, yaşayış dəyərinin maaşlardan daha sürətli artması və yalnız qadınları və işləyən anaları yükləyən gender yönümlü korporativ mədəniyyət səbəbindən ruhdan düşürlər.
2024-cü il büdcəsinin bir hissəsi olaraq, hökumət gənc cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün 34 milyard dollar ayırıb.
Mütəxəssislər bu tədbirlərin daha çox uşaq sahibi olmağı planlaşdıran və ya artıq uşaq sahibi olan evli cütlüklərə yönəldiyini və ailə qurmaq istəməyən gənclərə müraciət etmədiyini bildiriblər.
Qeyd edək ki, Yaponiya əhalisinin 2070-ci ilə qədər təxminən 30 faiz azalaraq 87 milyona çatacağı, 65 və daha yuxarı yaşda olan hər 10 nəfərdən dördünün olacağı proqnozlaşdırılır.
Məryəm İlhamqızı