Qaemi qasırğas:ı Ölənlər var
    • 25-07-2024, 14:47
    • 272

Qaemi qasırğas:ı Ölənlər var

Qaemi qasırğasının təsirinə məruz qalan iki ölkədə leysan yağışlar nəticəsində sel və torpaq sürüşməsi baş verib, evlərə və mağazalara ziyan dəyib.

News24.az xəbər verir ki, Tayvanda daşqın və torpaq sürüşmələri nəticəsində 3 nəfər ölüb, 220-dən çox adam yaralanıb.

Bu gün Tayvanda ofislər və məktəblər bağlanıb, insanlar evdə qalmağa və sahil zolağından uzaq durmağa çağırılıb.

Filippində daşqınlara səbəb olub

Filippinin paytaxtı Manilada daşqınlar nəticəsində minlərlə insan qapalı qalıb.

Suyun səviyyəsinin yerlərdə 150 santimetri keçdiyi Manilada ilkin məlumatlara görə, sel və torpaq sürüşmələri nəticəsində 22 nəfər həyatını itirib. Paytaxtda sel suları altında qalan 3 nəfər axtarılır.

Qeyd edək ki, 13 milyon vətəndaşın yaşadığı paytaxtda insanların evlərin damına çıxaraq kömək gözlədiyi bildirilib.

Tayvanda 9 nəfərlik heyəti ilə yük gəmisi batıb

BBC-nin məlumatına görə, Tanzaniya yük gəmisi Tayvanın cənubundakı liman şəhəri Kaohsiung sahillərində qasırğaya tutularaq batıb.

Tayvan Sahil Mühafizəsi İdarəsi batan "Fu Shun" yük gəmisindəki 9 nəfərlik Myanma heyətinin gəmidən atıldığını açıqlayıb. Həmin şəxslərin xilas edilib-edilməməsi ilə bağlı məlumat paylaşılmayıb.

Sahil Mühafizəsi rəsmiləri daha üç xarici gəminin quruya çıxdığını və bu gəmilərin təhlükəsiz olduğunu açıqlayıb.

Qaemi tayfunu Çində də təsirli olub

Sinxua agentliyinin xəbərinə görə, Qaemi qasırğası səbəbindən Çinin şərqindəki Fujian bölgəsində 156 min 800 nəfər təxliyə edilib.

Fujian əyalətində sahil boyu 73 sərnişin bərə xidməti dayandırılıb, 97 təyyarə isə ləğv edilib.

Balıqçılıq sallarında işləyən 29 mindən çox insan təxliyə edilərkən, 733 balıqçı gəmisi limanlara sığınıb.

Günel Məlikzadə