UEFA Avropa Liqasının finalını yayımlayacaq telekanalların sayı açıqlanıb.

News24.az
xəbər verir ki, bu haqda UEFA-nın saytında məlumat verilib. Məlumata görə, 204 telekanal bu matçı işıqlandıracaq.

Bunlardan 48-i Avropa, 156-sı qeyri-Avropa telekanallarıdır. Rusiyada Bakıdakı finalı "Matç TV” göstərəcək. Maraqlıdır ki, Türkiyədən heç bir telekanal bu matçı işıqlandırmayacaq. Ancaq Ermənistanda "Shant TV” Bakıdakı finalı canlı yayımlayacaq.

Yeri gəlmişkən, Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda UEFA tərəfindən yenilik tətbiq olunacaq.

İndiyədək ölkəmizdə canlı yayımlar telekom vasitəsilə, yəni telefon xətləri ilə həyata keçirilirdi. Lakin final oyunundan etibarən canlı yayımın bir hissəsi internet vasitəsilə reallaşdırılacaq. Stadionda yüksək sürətli fiberoptik internet xətti çəkilib. Məhz buna görə AoIP (Audio-over IP) sistemlər tətbiq olunacaq. Beləliklə, səs canlı efirdə məhz internet kanalları vasitəsilə bütün canlı yayım şirkətlərinə göndəriləcək. Bu yenilik bundan sonra Avropanın ali futbol qurumunun təşkil etdiyi tədbirlərdə də istifadə olunacaq.